2021-11-03

UNESCO-da Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun növbəti iclası keçirilmişdir

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun (Şərqi Avropa ölkələri) iclası keçirilmişdir.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi iclasda qurumun Baş direktorunun Humanitar və Sosial Elmlər üzrə müavini Qabriela Ramos, eləcə də II Seçki Qrupunun üzv ölkələrinin nümayəndələri iştirak etmişdilər.

İclasın gündəliyi təsdiqləndikdən sonra Rusiya Federasiyasının UNESCO yanında daimi nümayəndəsi, səfir Aleksandr Kuznetsov UNESCO İcraiyyə Şurasının II Seçki Qrupundan vitse-prezidenti qismində cari ilin oktyabr ayında keçirilmiş İcraiyyə Şurasının 212-ci sessiyasının nəticələrinə dair məlumatla çıxış etmişdir.

Sonra UNESCO Baş direktorunun Humanitar və Sosial Elmlər üzrə müavini Qabriela Ramos qurumun Baş Konfransı müddətində rəhbərlik etdiyi sektorun fəaliyyəti habelə Baş Konfrans çərçivəsində keçiriləcək əlavə tədbirlər haqqında məlumat vermiş, bütün üzv dövlətləri Humanitar və Sosial Elmlər Komissiyasının işində aktiv iştirak etməyə çağırmış, Süni intellektin Etikası üzrə UNESCO-nun Tövsiyələrinin qarşıdan gələn Baş Konfransda qəbul ediləcəyinə ümid etdiyini söyləmişdir.

Mədəniyyətlərarası dialoqa toxunan Qabriela Ramos Azərbaycana “Bakı Prosesi”nə görə təşəkkür edərək, ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində UNESCO-ya verdiyi dəstəkdən söz açmışdır.

İclasda II Seçki Qrupunun növbəti sədri 2022-ci ilin yanvarından Bolqarıstanın olması razılaşdırılmışdır.

İclas üzv ölkələrin nümayəndələrinin çıxışları, aktiv fikir mübadiləsi ilə davam etmişdir.

Arxiv üzrə axtarış