UNESCO-da «Afrika Həftəsi»
UNESCO-nun mənzil-qərargahında 23-26 noyabr 2021-ci il tarixlərində “Afrika Həftəsi” baş tutub.
23 noyabr 2021-ci il tarixində “Afrika Həftəsi”nin açılış tədbiri keçirilib. Təşkilat yanındakı Afrika qrupu, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində təşkil edilmiş “Afrika Həftəsi” ərzində bu qitənin ölkələrinin mədəniyyəti, incəsənəti diqqət mərkəzində olub.
Açılış mərasimində UNESCO-nun Baş direktoru Odre Azule və Afrika ölkələrinin səfirləri çıxış ediblər.
Daha sonra 25 noyabr 2021-ci il tarixində “Afrika Həftəsi” çərçivəsində müxtəlif ölkələrin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş mətbəx nümunələri təqdim edilib.
UNESCO yanında Afrika qrupuna sədrlik edən Namibiyanın, «Afrika Həftəsi»-nin əsas təşkilatçısı olan Qabonun daimi nümayəndələri habelə Azərbaycan, Çin və Tunisin daimi nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin Afrika ölkələrinə, eləcə də UNESCO-nun Afrika Prioriteti çərçivəsində bu ölkələrə verdiyi töhfələrdən danışıb.
Sonra ölkələrin mətbəxləri təqdim olunub. Azərbaycan mətbəxindən mədəni kimliyimizin tərkib hissəsi kimi hazırlanma və paylaşma ənənəsi adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, ət və göy qutabı, milli şirniyyatlarımız (paxlava və şəkərbura) təqdim olunub. Azərbaycan masası bayrağımız, eləcə də milli suvenirlərimizlə bəzədilib. Azərbaycan masasının ziyarətçiləri mətbəximizin ləziz təamlarını sevgi ilə dadıblar.
26 noyabr 2021-ci il tarixində isə UNESCO-da “Afrika Həftəsi”nin bağlanışı münasibətilə konsert təşkil olunub. Konsertdə Afrika qitəsi ölkələrinin, eləcə də “Afrika Həftəsi”nə sponsorluq etmiş ölkələrlə bərabər Azərbaycanın da milli musiqisi təqdim edilib.
Fransada yaşayan azərbaycanlı Səddam Novruzbəyov balabanda xalq mahnısı «Sarı gəlin» və «Qələbə» rəqsini ifa edərək tədbir iştirakçılarını valeh edib. İfa dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan musiqisinə valeh olduğunu deyən tədbirin aparıcısı təşkilatçılar adından zalda tamaşaçılar arasında olan ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevə “Afrika Həftəsi”nə dəstək verdiyinə görə təşəkkür edib.
Konsert proqramı Afrikanın müxtəlif ölkələrinin rəngarəng musiqiləri ilə davam edib.
Bununla yanaşı, Afrika Həftəsinin media tərəfdaşı olan WAN şirkətinin rəsmi sosial media hesablarında layihəyə dəstək verən bir sıra ölkələrin, o cümlədən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin nitqləri paylaşılıb.
Azərbaycan “Afrika Həftəsi”nin sponsorlarındandır. Ölkəmiz 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Etimad Fondu vasitəsilə Afrikanın Kenya, Uqanda, Tanzaniya, Liberiya kimi bir çox ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib. Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatanlığı layihələrində iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətləri və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə vermişdir. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak etmişdir.
Bundan əlavə, ölkəmiz Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupu çərçivəsində Afrika ölkələrinə kadr hazırlığı istiqamətində də töhfələr verib. Afrika ölkələrinin diplomatlarına ADA Universitetində təhsil almaq imkanı yaradılıb.