2021-12-06

Azərbaycan UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Mühafizəsi üzrə Komitəsinə seçilmişdir

30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna Tərəf Dövlətlərin 9-cu iclası keçirilmişdir.
İclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilmişdir. Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülmüş və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası növbəti 4 il müddətinə Komitəyə üzv seçilmişdir.

İclas zamanı yeni üzvlərin seçkisi ilə yanaşı silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi üçün vacib olan digər qərarlar da qəbul edilmişdir.

Xatırladaq ki, UNESCO-nun üzv dövlətlərində 83-ü 1954-cü il Konvensiyasının 1999-cu il İkinci Protokolunun Tərəfidir.

Sözügedən Komitə Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun 12 Tərəf Dövlətindən ibarətdir. O, ildə bir dəfə növbədənkənar iclasda toplanır.

1999-cu il İkinci Protokolun Tərəfi olan dövlətlərin nümayəndələri ilə yanaşı, bu Protokolun Tərəfi olmayan UNESCO-nun üzv dövlətlərinin və UNESCO-nun daimi müşahidəçi missiyalarının nümayəndələri səsvermə hüququ olmadan iclasın işində müşahidəçi qismində iştirak edə bilirlər.

Qeyd olunan Komitənin 16-cı iclası 2-3 dekabr 2021-ci il tarixlərində UNESCO-nun mənzil qərargahında keçirilir.

Arxiv üzrə axtarış