2021-12-08

Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun plenar iclası keçirilib

Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilmişdir.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi QH-nin plenar iclasında qurumun Baş Konfransının prezidenti Santiaqo İrazabal Mourao, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi haqqında Konvensiyasının katibi Tim Kurtis, Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO yanında səfirləri iştirak etmişdilər.

Plenar iclası giriş sözü ilə açan daimi nümayəndə, səfir Elman Abdullayev 2021-ci ilin sonunda COVID-19 pandemiyasının hələ də həyatımıza böyük təsir etdiyini, yeni çağırışlar, yeni çətinliklər yaratdığını qeyd etmiş, COVID-19 bütün dünyada son 2 ildə əsas ölüm səbəblərindən biri olduğunu söyləmişdir.

UNESCO Baş Konfransının prezidenti Santiaqo İrazabal Mourao bu vəzifəyə seçildikdən sonra ilk səfərinin Anqolaya olduğunu və “Luanda Biennale”sində iştirak etdiyini bildirmişdir.

Baş Konfransın prezidenti Təşkilatda, eləcə də dünyada mövcud problemlərin olduğunu qeyd edərək, dialoq vasitəsilə birgə işləməyə və bu problemlərin aradan qaldırılmasında birgə çalışmağa dəvət etmişdir.

İclasda təhsil sahəsinin, eləcə də İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinin üzləşdiyi çətinliklərdən, pandemiyanın mənfi təsirlərindən danışılmışdır.

Bir çox ölkələrin daimi nümayəndələri savadsızlığın, pandemiyanın mənfi təsirlərinin, “Fake News” (yalan xəbərlər), nifrət nitqinin aradan qaldırılması ilə bağlı fikirlərini səsləndirmiş, İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinin UNESCO-nun prioritetləri arasında olmasını bildirmişdir.

Qurumun Afrika prioritetinə, bu qitə ölkələrinin mədəniyyətinin zənginliyinə də toxunulmuş, bu istiqamətdə diqqətin daha da artırılmasının vacibliyi vurğulanmışdır. Mədəni irsin qorunması, mədəni sərvətlərin qeyri-qanuni idxalı və ixracına qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.

UNESCO-nun bir çox proqramlarından söz açılaraq, onların üzərində işləməyin mühüm olduğu diqqətə çatdırılmış, multilateralizmin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi haqqında Konvensiyasının katibi Tim Kurtis Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin qarşıdan gələn 16-cı sessiyası barədə məlumat vermiş, dekabrın 13-dən 18-dək davam edəcək sessiyanın sanitar vəziyyətlə əlaqədar onlayn təşkil olunacağını və sessiya çərçivəsində Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar qəbul olunduğu təqdirdə qısa təqdimatların keçiriləcəyini bildirmişdir.

Səfir Elman Abdullayev QH-nin 2021-ci ildə son plenar iclasında cari ilin sentyabr ayında keçirilmiş iclasın hesabatını təqdim etmiş və hesabat qəbul edilmişdir. O, Baş Konfransın 41-ci sessiyası çərçivəsində 193 üzv dövlətin yüksək səviyyəli nümayəndələrinin, müxtəlif QHT nümayəndələri və ekspertlərin Komissiya və Komitə iclaslarında iştirak etdiklərini, dövrümüzün çağırışlarının həlli istiqamətində müzakirələr apardığını qeyd etmişdir.

Baş Konfransın iclasları zamanı üzv dövlətlər birgə fəaliyyətlərini davam etdirməyə hazır olduqlarını bəyan edərək, çoxtərəfliliyin daha səmərəli olmasının vacibliyini vurğulamış, mövcud çağırışlara cavab vermək üçün orta müddətli strategiya layihəsinin təhsil, iqlim dəyişikliyi, sosial birlik, sülh prioritetlərinin müəyyən olunduğu diqqətə çatdırılmışdır.

Sonra Qoşulmama Hərəkatına Azərbaycan sədrliyinin qlobal fəaliyyəti, eləcə də Hərəkatın UNESCO qrupunun fəaliyyəti haqqında məlumat verilmiş, UNESCO orqanlarına Qoşulmama Hərəkatına üzv dövlətlərin namizədliklərindən söz açılmış, iclas müxtəlif məsələlərə dair müzakirələrlə davam etmişdir.

Arxiv üzrə axtarış