2021-12-17

UNESCO-da Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun növbəti iclası keçirilib

UNESCO-da Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun (Şərqi Avropa ölkələri) iclası keçirilib.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi iclasda qurumun Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Eduard Matoko, Baş direktorun Humanitar və Sosial Elmlər üzrə müavini Qabriela Ramos, eləcə də II Seçki Qrupunun üzv ölkələrinin nümayəndələri iştirak ediblər.

İclasın gündəliyi təsdiqləndikdən sonra Baş direktorun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Eduard Matoko UNESCO Baş Konfransının 41-ci sessiyası zamanı qəbul edilmiş Afrika Prioriteti üzrə yeni Əməliyyat Strategiyasından (2022-2029) məlumat verib. O, bu məsələ ilə əlaqədar ilk dəfə Seçki Qrupu ilə görüşdüyünü qeyd edib və buna görə Azərbaycan Daimi Nümayəndəliyinə təşəkkürünü bildirib.

Yeni Əməliyyat Strategiyasının 5 prioritet üzrə qurulduğunu bildirən Baş direktorun müavini onlardan ən birincisinin keyfiyyətli ali təhsil olduğunu nəzərə çatdırıb. Bununla bağlı Afrikada vəziyyətin yaxşı olmadığını qeyd edib və ölkələrin həm maddi həm də təcrübə yardımına ehtiyaclarının olduğunu söyləyib.

O, bir çox Afrikalının Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya kimi Şərqi Avropa qrupunun üzvləri olan ölkələrdə təhsil aldığını qeyd edərək, bu yaxınlarda keçiriləcək Donor Konfransı haqqında da məlumat verib. 

Sonra UNESCO Baş direktorunun Humanitar və Sosial Elmlər üzrə müavini Qabriela Ramos qurumun Baş Konfransı zamanı qəbul edilmiş və bu sahə üzrə BMT sistemində ilk qlobal alət olan Süni İntellektin Etikası üzrə UNESCO-nun Tövsiyələrindən söz açıb.

2 il müddətində uzun prosedur və müzakirələrdən keçən Tövsiyələrin doğru zamanda qəbul olunduğunu qeyd edən xanım Ramos, onların Süni İntellekti daha şəffaf və etik edəcəyini söyləyib.

II Seçki Qrupu üzvlərinə verdikləri töhfələrə görə təşəkkürünü bildirən Baş direktorun müavini, 2022-ci ilin fevral ayından bu istiqamətdə qeyri-formal dostlar qrupunun yaranacağı haqqında məlumat verib.

Daha sonra Baş direktorun müavinləri iştirakçı ölkələri maraqlandıran sualları cavablandırıblar.

Gündəlikdə duran digər məsələ, qrup üzvlərinin UNESCO qurumlarına namizədlikləri olub və iclasın sədri seçilmiş bütün üzv ölkələri uğurları münasibətilə təbrik edib.

Qeyd edək ki, sözügedən iclas Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun sonuncu iclası idi. Bununla əlaqədar olaraq, bir sıra ölkələr söz götürərək, Azərbaycan Daimi Nümayəndəliyini aktiv və uğurlu sədrliyə görə təbrik ediblər.

Növbəti 6 ay ərzində qrupa sədrliyi Bolqarıstan Daimi Nümayəndəliyi edəcəkdir.

Arxiv üzrə axtarış