2022-02-09

UNESCO-nun Sessiyasında Şuşa “Xarıbülbül” musiqi festivalından danışılıb

 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 15-ci iclasında çıxış etmişdir.

O qeyd etmişdir ki, yaradıcı iqtisadiyyatın digər məsələlərlə yanaşı, elmə əsaslanan iqtisadi fəaliyyəti, insan yaradıcılığı, ideyaları, bilik, texnologiya, mədəni irs və digər fərdi və kollektiv yaradıcılıq ifadələri arasında qarşılıqlı əlaqəni əhatə etdiyini qəbul edərək, BMT Baş Assambleyasının 74-cü sessiyasında 2021-ci il “Dayanıqlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat ili” elan edilmişdir.

“Davamlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli”nin COVID-19 pandemiyasının yaradıcı iqtisadiyyatı iflic etdiyi vaxta təsadüf etdiyini bildirən daimi nümayəndə səhiyyə böhranının bütün dünyada mədəniyyət sektorunda mövcud zəiflikləri üzə çıxardığını qeyd etmiş, sanitar böhranın yaradıcılığın hər kəs üçün, xüsusən də rifahımız üçün nə qədər vacib olduğunu bir daha təsdiqlədiyini bildirmişdir.

Azərbaycan yaradıcı sektoruna COVID-19 pandemiyasının təsirindən söz açaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ildə elan edilmiş “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” çərçivəsində ölkədə yaradıcı sənayeni dəstəkləmək və bu sahədə iqtisadi artımı təmin etmək üçün “İqtisadi artım” prioriteti çərçivəsində “Mədəniyyətin və yaradıcı sənayenin (Kİİ) dinamik inkişafı və bu sahədə ixrac potensialının gücləndirilməsi”nə dair məqsədlərin müəyyən edildiyini qeyd etmişdir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradıldığı nəzərə çatdırılaraq, bu Federasiyanın ölkəmizdə Yaradıcılıq və Mədəniyyət Sənayesinin inkişafı üçün zəruri olan münbit ekosistemi dəstəkləməklə, maarifləndirmə tədbirləri həyata keçirdiyi, yaradıcı məhsul və xidmətlərin istehsalı və ixracını təşviq etdiyi, yaradıcılıq sənayesi sahəsində ictimai təşkilatlara, habelə 2019-cu il “Kreativ Azərbaycan” portalında yaradılmış müxtəlif fəaliyyətləri idarə etdiyi diqqətə çatdırılmışdır.

Azərbaycanın qastronomik paytaxtı Lənkəran şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin Azərbaycan, eləcə də UNESCO üçün regionumuzun zəngin mədəniyyətinin və mətbəxinin kəşf edilməsində növbəti uğur və tarixi nailiyyət olduğu bildirmişdir.

Vurğulanmışdır ki, “Xarıbülbül” musiqi festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsindən sonra ilk möhtəşəm tədbir olaraq istedadlı musiqiçilərin tanınmasına töhfə vermiş, festival ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərini Cıdır düzündə bir araya gətirərək, Azərbaycanda olan mədəni müxtəlifliyin əsl mahiyyətini əks etdirən xalq və klassik musiqi proqramını təqdim etmişdir.

2021-ci ilin oktyabr ayında Bakı Ekspo Mərkəzində “Qarabağın bərpası, yenidən qurulması və inkişafı – Qarabağı yenidən qur” adlı beynəlxalq sərgi habelə sərgi çərçivəsində “Mədəniyyət üçün sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunmuş panel sessiyasının keçirilməsindən söz açılmışdır.

Sessiya iştirakçılarına Azərbaycan Prezidentinin “Ağıllı şəhər” və “Ağıllı kənd” Konsepsiyasının hazırlanması ilə bağlı Sərəncamı haqqında məlumat verilmişdir.

Çıxışın sonunda Azərbaycan və UNESCO əlaqələrinə toxunularaq, bu il bu əlaqələrin 30 illiyinin tamam olduğu bildirilmiş, ötən illər ərzində UNESCO-ya möhkəm və davamlı tərəfdaşlıq və qurumun səlahiyyətlərinin müxtəlif sahələrdə dəstəklənməsinin ölkəmiz üçün prioritet olduğu söylənilmişdir.

Azərbaycanın qurumun bir çox mühüm tədbirlərinə ev sahibliyi etdiyi, Afrika Prioriteti, gender bərabərliyi, təhsil, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə müxtəlif layihələr həyata keçirdiyi bildirilmişdir.

Arxiv üzrə axtarış