2022-02-11

Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasının sessiyasında iştirak edib

Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 15-ci sessiyası 8-11 fevral 2022-ci il tarixlərində virtual formatda keçirilimişdir.

Azərbaycan 2019-2023-cü illər üzrə Hökumətlərarası Komitənin üzvüdür.

Ölkəmiz sessiyada AR Mədəniyyət Nazirliyinin, UNESCO üzrə Milli Komissiyanın və UNESCO yanında Daimi Nümayəndəliyin əməkdaşları ilə təmsil olunmuşdur.

Sessiya çərçivəsində kreativ sənayeyə dair 14 bənd üzrə müzakirələr aparılmış və onlara uyğun müvafiq qərarlar qəbul edilmişdir.

Sessiyanın açılışında UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev çıxış edərək, yaradıcı sənayelər üzrə Azərbaycanın gördüyü işlərdən, Qarabağda gedən quruculuq işlərindən habelə Şuşada keçirilmiş Xarı Bülbül festivalından danışmışdır.

Daha sonra Daimi Nümayəndəlik tərəfindən müxtəlif bəndlərin müzakirəsində aktiv iştirak edilmiş, “Kreativ Azərbaycan” portalı, Mədəni Müxtəliflik üzrə Fond, mikro, kiçik və orta-ölçülü mədəni və yaradıcı qurumların fəaliyyəti, kreativ layihələr, Komitənin 2022-2023-cü illər üzrə gələcək fəaliyyəti, Vətəndaş Cəmiyyəti Təşkilatları ilə əməkdaşlıq və s. kimi məsələlərə dair ölkəmizin mövqeyi təqdim edilmiş, qərar layihələrinin mətnlərinə müvafiq dəyişikliklər təklif edilmişdir.

Arxiv üzrə axtarış