2022-03-02

Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə ilk plenar iclası keçirilib

UNESCO-nun mənzil-qərargahında qurumdakı Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi QH-nin plenar iclasında qurumun İcraiyyə Şurasının sədri Tamara Rastovak-Siamaşvili, eləcə də Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri, daimi nümayəndələri iştirak ediblər.

Plenar iclası giriş sözü ilə açan daimi nümayəndəmiz, səfir Elman Abdullayev son 2 ildə dünyamızı dəyişdirən COVID-19 ilə mübarizənin davam etdiyini, pandemiyanın yeni çağırışlar, yeni çətinliklər yaratdığını qeyd edib. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir. Ölkəmiz dünyanın hər yerində hər bir insan üçün peyvəndin təhlükəsiz, səmərəli və əlçatan olması istiqamətində səylərini davam etdirir.

Dünyanın ikinci ən böyük siyasi platforması olan Qoşulmama Hərəkatının 120 üzvünün olduğunu xatırladan səfir bildirib ki, Qoşulmama Hərəkatı say baxımından təsirli bir dairəyə malikdir və onun dəstəyi olmadan çoxtərəfli sahədə irəliləmək mümkün deyil. Çoxtərəfliliyin əsasını təşkil edən Qoşulmama Hərəkatının böyük potensialı var. O, bu toplantının Qoşulmama Hərəkatı ilə UNESCO arasında əməkdaşlığın perspektivlərini araşdırmaq üçün önəmli imkan olduğunu deyib. Diqqətə çatdırıb ki, UNESCO-nun İcraiyyə Şurasının 58 üzvündən 34-ü Qoşulmama Hərəkatının üzvüdür.

Sonra UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovak-Siamaşvili çıxış edib. O, İcraiyyə Şurasının fəaliyyətinə gətirdiyi yeniliklərdən, Şuranın yeni seçilmiş üzvləri ilə aparılan işlərdən, Katiblik nümayəndələri ilə keçirilmiş görüşlərdən söhbət açıb. 2021-ci ildə 60 illiyini qeyd edən Qoşulmama Hərəkatının çox mühüm platforma olduğunu vurğulayıb.

İclasda Bakıda Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Azərbaycan Milli Bölməsinin təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş "Milli Qoşulmama Hərəkatının Modeli Simulyasiyası" konfransından, konfransda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun gənclərin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinə qoşulmasını təşviq etməyindən, və bunun innovativ həllər, sosial inkişaf gətirəcəyindən habelə gənclərin şəbəkələşməsini formalaşdıracağından söz açılıb.

Qeyd edilib ki, Qoşulmama Hərəkatının üç gün davam edən Model Simulyasiya Konfransında Hərəkatın yüksək səviyyəli görüşü simulyasiya edilib və iştirakçı gənclər QH-nın nüfuzlu üzvləri kimi çıxış edərək, qlobal problemlərin həlli yollarını təklif ediblər.

Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Azərbaycandan olan nümayəndələri gənclərin əməkdaşlığına yönəlmiş hədəfləri müzakirə etmək üçün Qoşulmama Hərəkatına üzv olan digər dövlətlərin nümayəndələri ilə görüşlər təşkil edirlər.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Hökuməti 2022/2023-cü tədris ili üçün İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkənin nüfuzlu universitetlərində təqaüdlərin verilməsi haqqında qərar qəbul edib.

Plenar iclasda Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupuna sədrlik edən Daimi Nümayəndəliyimizin fəaliyyətindən danışılıb. Daimi Nümayəndəliyimizin UNESCO yanında fəaliyyət göstərən digər qruplarla əlaqələrinə və onlarla keçirilən görüşlərə, eləcə də müəyyən edilmiş prioritet sahələrə dair məlumat verilib.

İclasda ötən plenar iclasın hesabatı dinlənilib və qəbul olunub. Qoşulmama Hərəkatı UNESCO qrupunun İcraiyyə Şurasının qarşıdan gələn 214-cü sessiyasında bəyanatla çıxış edəcəyi bildirilib.

İclas Qoşulmama Hərəkatı ölkələrinin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

Arxiv üzrə axtarış