2022-03-18

UNESCO-da Novruz bayramı təntənə ilə qeyd edilib

Azərbaycanın koordinasiyası, Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə 17 mart 2022-ci il tarixində UNESCO-nun Baş qərargahında Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Tədbir təşkilatçı ölkələrin səfirlərinin qrup fotosu ilə başlanılıb.

Təntənəli mərasimdə təşkilat komitəsinin rəhbəri qismində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev çıxış edərək Novruz bayramı, onun mənəvi əhəmiyyətindən, 12 ölkənin hər birində Novruz ənənələrinin qorunub saxlanılmasından söz açıb.

Tədbirin fəxri qonağı qismində UNESCO-nun Baş Konfransının prezidenti səfir Santiaqo İrazabal Mourao çıxış edib, Azərbaycan nümayəndəliyinə tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib, hələ də pandemiyadan bərpa olmağa çalışan bu günki dünyamızda Novruzun necə gözəl və əhəmiyyətli mesaj verdiyini, keçmiş və gələcək arasında bir körpü rolunu oynadığını, mədəniyyətin gücünün zəruriliyini diqqətə çatdırıb.

Sonra UNESCO-nun baş direktorunun müavini Şinq Qu 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruzun mühümlüyündən, onun müxtəlif xalqları birləşdirməsindən, sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirməsindən, nəsildən nəsilə ötürülən milli mənsubiyyət nümunəsi olduğundan danışıb.

Tədibrə qatılan UNESCO-nun Baş direktoru Odri Azuley hər kəsi salamlayaraq, Novruz bayramı münasibətilə təbrik edib. O, dünyanın müxtəlif yerlərində yaşayan insanların çətin dönəmdən keçməyinə baxmayaraq, bu gözəl bayramın yenilənmə, arzular, təbiətin oyanması, ailələrimiz və dostlarımız ilə görüşlər, ümid rəmzi olduğunu bildirib. Daha sonra Baş direktor ölkələrin hazırladıqları bayram süfrələrinə yaxınlaşaraq, onlarla yaxından tanış olub.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra, Azərbaycan, Əfqanıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın musiqiçiləri milli musiqi və rəqs nümunələri ifa ediblər.

Azərbaycan mədəni tədbirdə ud və nağaranın müşayiəti ilə balabanda “Sarı Gəlin”, “Bahar qızı”, “Heyva Gülü” kimi musiqi parçaları ilə təmsil olunub. Balabanda Fransada yaşayan istedadlı azərbaycanlı Səddam Novruzbəyov ifa edib.

Konsert proqramı 12 ölkənin milli təamlarını təqdim edən ziyafətlə müşayiət olunub.

Qeyd edək ki, pandemiya səbəbindən Novruz tədbirləri UNESCO-da son iki il ərzində təxirə salınmışdır və bu il iki illik aradan sonra Azərbaycanın təşəbbüsü ilə baş tutmuşdur.

 

 

 

 

Arxiv üzrə axtarış