2022-04-08

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun bəyanatı səsləndirilib

UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası çərçivəsində ölkəmizin bu qurumdakı daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun bəyanatını səsləndirib.

Bəyanatda Qoşulmama Hərəkatının çoxtərəfli əməkdaşlığın əsl nümunəsi olduğu bildirilir. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə də daxil olmaqla Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin təşəbbüskarı kimi çıxış edir. BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycanın təşəbbüsü Qoşulmama Hərəkatı adından və 179 ölkənin dəstəyi ilə qəbul edilib.

Qeyd edilib ki, Qoşulmama Hərəkatı UNESCO-nun COVID-19 pandemiyasının onun mandat sahələrinə mənfi təsirlərini aradan qaldırmaq istiqamətindəki səylərini alqışlayır.

Qoşulmama Hərəkatı UNESCO və onun Qlobal Təhsil Koalisiyasının tərəfdaşlarının fəaliyyətini yüksək qiymətləndirir və Qlobal Təhsil Koalisiyası çərçivəsində “Gender Flaqmanı” vasitəsilə gender bərabərliyinə göstərilən diqqəti, xüsusən Afrika və Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində həyata keçirilən kampaniyanı dəstəkləyir.

Qoşulmama Hərəkatı UNESCO-nu Afrika və Gender Bərabərliyi kimi qlobal prioritetlərini davam etdirməyə və inkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə prioritet verməyə çağırır.

Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı insan hüquqlarının və əsas azadlıqların ciddi şəkildə pozulması olan irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın, birtərəfli məcburi tədbirlərin və bununla bağlı hər cür dözümsüzlüyün bütün formalarını pislədiyini bir daha bəyan edir. Qoşulmama Hərəkatının üzv dövlətləri “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına ötürülməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının müddəalarının BMT üzv dövlətləri tərəfindən yerinə yetirilməməsi problemindən ciddi narahatlığını bildirir və UNESCO Katibliyini Konvensiyalara, xüsusilə də 1970-ci il UNESCO Konvensiyasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dövlətlərin milli irsinə və kimliyinə qarşı olan belə qanunsuz cinayətləri qətiyyətlə pisləmək üçün onların səsinə qoşulmağa çağırır.

QH bütün dünyada qızlar üçün təhsildə hələ də mövcud problemlərdən narahatlığını ifadə edir və UNESCO-nun qızların təhsilinə, eləcə də təhsildə və təhsil vasitəsilə gender bərabərliyinə nail olunmasına sadiqliyini xatırladır.

Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyəti İsrailə beynəlxalq hüquq, o cümlədən UNESCO Konvensiyaları üzrə öhdəliklərini xatırlatmağa çağırır. Qoşulmama Hərəkatı işğal olunmuş ərəb ərazilərində ədalətin və ayrılmaz hüquqlarının, o cümlədən təhsil və mədəni hüquqların, habelə paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin Dövlətində Fələstin xalqının qanuni milli istəklərinin həyata keçirilməsinə çağırışını təkrarlayır.

Qoşulmama Hərəkatı UNESCO çərçivəsində koordinasiyasını artırmaq və təşkilatın mandatına uyğun müxtəlif sahələrdə gələcək fəaliyyətini genişləndirmək niyyətindədir.

 

Arxiv üzrə axtarış