2022-04-30

UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonduna layihələrin yazılması ilə bağlı məlumatlandırıcı sessiya təşkil olunmuşdur

UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (IFCD) növbəti layihə müraciətlərinin qəbulu ilə bağlı məlumat yaymışdır.

Məlumatda Fondun iyunun 15-dək dövlət və qeyri-hökumət təşkilatlarından (QHT) layihə müraciətlərini qəbul edəcəyi qeyd edilir.

Təqdim ediləcək bütün layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:

- Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;

- 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.

Qalib seçilmiş layihələrə 100.000 ABŞ dollarına qədər maliyyə dəstəyi veriləcəkdir.

Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi 15 iyun 2022-ci ildir.

Fonda layihələrin təkmil formada təqdim edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Katibliyi 28 aprel 2022-ci il tarixində xüsusi onlayn təlim təşkil etmişdir.

Təlimdə AR Mədəniyyət Nazirliyinin, UNESCO üzrə Milli Komissiyanın, UNESCO yanında Daimi Nümayəndəliyin, Dövlət Turizm Agentliyinin, muzeylərin, universitetlərin, ictimai birliklərin nümayəndələri iştirak etmişdilər.

Təlimdə Fondun tarixçəsi və yaradıcı sənayedə rolu, ərizələrin təqdim edilməsi və seçim qaydaları, Milli Komissiyaların bu sahədə rolu, qiymətləndirmə meyarları, layihələrin büdcəsi və s. məsələlər haqqında geniş məlumat verilmişdir.

Maraqlı fikir mübadiləsi olmuş, UNESCO Katibliyinin nümayəndələri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

 

 

Arxiv üzrə axtarış