2022-05-30

Parisdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının qəbirləri ziyarət edilib

Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək, onların Paris və Paris ətrafındakı qəbirlərini ziyarət ediblər.

Paris yaxınlığında yerləşən Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun, milli hökumətin rəsmi qəzeti “Azərbaycan”ın naşiri, məşhur bəstəkar Üzeyir Hacıbəyovun qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilərək, qəbirləri üzərinə əklil qoyulub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və səfirliyin müşaviri Nigar Hüseynova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi islahatlardan söz açıblar.

Qeyd olunub ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyəti qurucularının əsas məqsədi bu gənc dövləti dünyaya tanıtmaq olub. Elə bu məqsədlə də ilk Azərbaycan Respublikasını təmsil etmiş nümayəndə heyətinin üzvləri Birinci Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədilə çağırılan Paris Sülh Konfransında iştirak ediblər. Çıxışlarda Azərbaycan müsəlman Şərqində ilk parlamentli, dünyəvi, demokratik respublika olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Sən-Klu şəhər merinin müavini Jan-Kristof Pyerson Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun vaxtilə onların şəhərində yaşamasından qürur duyduğunu bildirib.

Arxiv üzrə axtarış