2022-06-13

Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti iclası keçirilib

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə ikinci iclası keçirilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi iclasda qurumun Təhsil sektorunun “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava, eləcə də Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrinin səfirləri, daimi nümayəndələri iştirak ediblər.

İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyasının keçirilməsinin planlaşdırıldığını bildirərək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin üzvlüyünə namizədliyini irəli sürmüş ölkələrə uğurlar arzulayıb. O, pandemiyadan qaynaqlanan problemlər, yeni endemik xəstəlik, iqlim böhranı, dünyada mövcud düşmənçilik kimi problemləri qeyd edərək, bəşəriyyətin problemlərinin heç vaxt bitmədiyini deyib. Həmçinin sosial bərabərsizlikdən, gender bərabərliyindən söz açıb, COVID-19 pandemiyasının yaratdığı problemlərdən danışıb.

Daimi nümayəndə bildirib ki, təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silahdır. Bu gün dünyanın hər yerində təhsilə bərabər çıxış təmin olunmalıdır.

Sonra UNESCO-nun “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava çıxış edib, cari ilin sentyabr ayında BMT-nin Baş katibinin təşəbbüsü ilə keçiriləcək Təhsilin Transformasiyası Sammitindən və ondan öncə 28-30 iyun tarixlərində Parisdə keçiriləcək “Pre-Summit” haqqında ətraflı məlumat verib və daha sonra daimi nümayəndəliklərin suallarını cavablandırıb.

İclasda Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi işlərdən də söz açılıb. Həmçinin ötən plenar iclasın hesabatı dinlənilib və qəbul olunub.

İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

Arxiv üzrə axtarış