UNESCO-da Təhsilin Transformasiyası Pre-Sammiti keçirilib
28-30 iyun 2022-ci il tarixlərində Parisdə UNESCO-nun mənzil-qərargahında Təhsilin Transformasiyası Pre-Sammiti keçirilib.
Pre-Sammit cari ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası zamanı keçiriləcək Təhsilin Transformasiyası Sammitinə hazırlıq məqsədi daşıyır.
UNESCO-nun mənzil-qərargahında keçirilən Pre-sammitdə Efiopiya və Sierra Leonenin dövlət başçıları, 140 təhsil naziri və müavinləri, UNESCO-nun Baş direktoru Odri Azule, Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Jutta Urpilainen, ISESCO-nun Baş direktoru Dr. Salim M. AlMalik, BTİ-nin Baş katibi Houlin Zhao və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
UNESCO yanındakı Azərbaycan Daimi Nümayəndəliyinin diplomatları Pre-sammitdə iştirak ediblər.
30 iyun 2022-ci il tarixində sessiya zamanı bir sıra ölkələrin, o cümlədən Azərbaycan Respublikasının təhsil nazirinin müavini Muxtar Məmmədovun video-mesajı UNESCO-nun Birinci zalında nümayiş olunub.
3 gün davam edən tədbir Gənclər Forumu ilə başlamış, Nazirlərin dəyirmi masası ilə davam edib.
Pre-summit zamanı təhsilin transformasiyasına həsr olunmuş bir sıra əlavə tədbirlər də təşkil edilib.
Pre-sammitdə iştirak edən bir sıra nazirlər mövzular üzrə panellərdə panelist kimi çıxış etmiş, digərləri isə Nazirlərin Dəyirmi Masasında təhsilin transformasiyasına dair ölkələrində görülmüş işlər, aidiyyəti üzrə aparılmış milli məsləhətləşmələr haqqında məlumat verib.
Bu yüksək səviyyəli görüş BMT Baş katibi tərəfindən COVID-19 pandemiyasından sonra təhsil sistemlərində, xüsusilə də öyrənmə itkiləri ilə üzləşmiş, təcrid olunmuş tələbələrə yanaşma sahəsində ciddi dəyişiklik edilməsi məqsədi ilə çağırılıb.
Görüşdə pandemiya, iqlim dəyişikliyi və münaqişələr nəticəsində yaranan tarixi böhrandan qurtulmaq və məktəb, tədris, texnologiya və təhsilin maliyyələşdirilməsi ilə bağlı transformasiya xarakterli dəyişikliklər üçün imkanlar axtarılıb.
Görüşdə transformasiyanın məktəblər, keyfiyyətli həyat boyu təhsil, müəllimlər, kommunikasiya və təhsilin maliyyələşdirilməsi kimi 5 əsas istiqamət üzrə müzakirələr aparılıb.