UNESCO-da Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın Tərəflərinin Baş Assambleyasının 9-cu sessiyası zamanı Ermənistanın yalanları ifşa edilib
5-7 iyul 2022-ci il tarixlərində Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın Tərəflərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilib.
Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları ilə təmsil olunub.
Üç gün ərzində bir araya gələn 180 iştirakçı dövlətin nümayəndələri sessiya ərzində bütün dünyada canlı irsin qorunması və Konvensiyanın gələcəyinə dair mühüm məsələləri müzakirə ediblər. Həmçinin sessiyada Qeyri-maddi Mədəni İrs Fondunun resurslarından istifadə Planı və qeyri-hökumət təşkilatlarının akkreditasiyası məsələlərinə də baxılıb.
Sessiya zamanı Ermənistan nümayəndəliyinin həmişəki kimi UNESCO platformasını öz təxribatçı və əsassız iddiaları üçün istifadə və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdinin qarşısı alınıb və yalanları ifşa edilib.
Cəfəng fikirlərə cavab olaraq, Azərbaycan nümayəndəsi bildirib ki, 30 il ərzində Azərbaycanın ərazilərinin 20%-ni işğal altında saxlayan, həmin ərazidə yerləşən bütün mədəni və dini abidələri məqsədyönlü şəkildə dağıdan, beynəlxalq hüququn bütün norma və prinsiplərini, o cümlədən UNESCO-nun əsas Konvensiyalarını kobud şəkildə pozan məhz Ermənistanın özüdür.
Çıxışda Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə Azərbaycanın minlərlə mədəni-dini irs nümunələrinin tamamilə dağıdılması, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz qeyri-maddi mədəni irs hüquqlarından məhrum olması tədbir iştirakçıların diqqətinə çatdırılıb.
Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və ərazisində yaşayan bütün insanlara tam bərabər hüququ tanıyır deyə, vurğulanıb.
Eyni zamanda, Ermənistan ərazisində yerləşən Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması və bu vandallıq aktlarının arxasında Azərbaycan xalqının əsrlər boyu həmin torpaqlarda yaşaması ilə bağlı izlərin silinməsi olduğu nəzərə çatdırılıb.
Bildirilib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsilə münaqişə başa çatmışdır və ölkəmiz işğaldan azad olunmuş ərazilərin bərpasına fokuslanmışdır. Ermənistana isə beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, nifrət, düşmənçilik və ərazi iddialarından əl çəkmək, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət nümayiş etdirməklə, regionda yaranmış yeni reallıqları qəbul etmək tövsiyə edilib.
Sonda isə, UNESCO texniki missiyasının səfərinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən baş tutmadığı Assambleya iştirakçılarının diqqətinə çatdırılıb və UNESCO-nun 2005-ci il hesabatında da Ermənistanın UNESCO missiyasının həyata keçirilməsinə maneə törətdiyi qeyd olunub.
Sessiya çərçivəsində həmçinin Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12 yeni üzvü seçilib: Almaniya, Slovakiya, Özbəkistan, Paraqvay, Banqladeş, Hindistan, Malayziya, Vyetnam, Anqola, Burkina-Faso, Efiopiya və Mavritaniya.