2022-09-30

"MONDIACULT 2022" konfransı çərçivəsində nazir Anar Kərimov Qoşulmama Hərəkatı adından bəyanat səsləndirib

Sentyabrın 29-da Mexiko şəhərində “MONDIACULT 2022” konfransı çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “İrs və mədəni müxtəliflik böhran dövründə” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.

A.Kərimov çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş etnik-mədəni soyqırımına yönəldib. Həmçinin ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırımı əməllərinin beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılandığı təəssüflə vurğulanıb.

Nazirin çıxışında Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirib və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə edib. A.Kərimov həmçinin, tezliklə işğaldan azad edilmiş ərazilərimizə texniki missiya göndərməklə bağlı UNESCO-ya çağırış ünvanlayıb.

Çıxışda qeyd olunanlarla yanaşı, ölkəmizin yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dair məlumat verilib, bu təşəbbüsün 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülmüş, mədəniyyətlərarası dialoqu təşviq edən “Bakı Prosesi”nin əlavə ölçüsü olduğu bildirilib. Sözügedən qlobal çağırışın dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud postmünaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə biləcəyinə istinad edilmişdir.

Sessiya zamanı nazir A.Kərimov, həmçinin ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirib. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir.

 

Arxiv üzrə axtarış