UNESCO-nun sessiyasında Azərbaycanın milli bəyanatı səsləndirilib
"Azərbaycan bu il UNESCO-da üzvlüyünün 30 illiyini qeyd edir və bu illər ərzində Təşkilatın mandatına uyğun olaraq bütün sahələr üzrə öz geniş töhfələrini verib", - bu fikirləri Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun İcraiyyə Şurasının 215-ci sessiyasının plenar iclasında səsləndirib.
Sonuncu İcraiyyə Şurasının sessiyasından sonra Azərbaycanın UNESCO ilə bağlı əldə etdiyi nailiyyətləri qeyd edən səfir gələn ilin martında Bakıda keçiriləcək İdman Nazirlərinin 7-ci Beynəlxalq Konfransından (MINEPS VII) məlumat verib.
Ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində gördüyü bir sıra işlərdən söz açılıb.
Azərbaycanın UNESCO-nun rasizm və hər növ ayrıseçkiliyə qarşı gördüyü işləri təqdir etdiyi bildirilərək, ölkəmizin 30 illər ərzində genişmiqyaslı təcavüzə məruz qaldığı xatırladılıb.
"Bir vaxt Azərbaycanın inkişaf etdiyi bölgələri erməni təcavüzü nəticəsində tamamilə dağıdılıb, doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə Azərbaycanlı öz mədəni hüquqlarından məhrum olmuşlar. Bu illər ərzində Azərbaycan dəfələrlə UNESCO-ya bölgəyə texniki missiya göndərməyinə dair müraciət etsə də, Ermənistanın destruktiv mövqeyindən bu mümkün olmamışdır", - çıxışda qeyd edilmişdir.
Daha sonra vurğulanmışdır ki, indi Azərbaycan cəmiyyətinin istəyi Azərbaycanın Ermənistanda olan mədəni irsinin cari vəziyyətini qiymətləndirmək məqsədilə ora missiya göndərməkdir, bununla əlaqədar olaraq, vətəndaş cəmiyyəti təşkilatları, QHT-lər dəfələrlə UNESCO-ya müraciət ünvanlayıb.
Çıxışının sonunda daimi nümayəndə söyləmişdir ki, UNESCO-nun 215-ci sessiyasının gündəliyinə Azərbaycan tərəfindən 2 qərar layihəsi təklif edilmişdir ki, onlardan biri 2008-ci ildə əsası qoyulmuş Bakı prosesinə, digəri isə MINEPS VII həsr olunmuşdur.