2022-11-09

Azərbaycanın Zəfər Günü Parisdə təntənəli şəkildə qeyd edilib

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr- Dövlət Bayraq Günü, eləcə də “Şuşa İli”nə həsr edilmiş təntənəli tədbir keçirilib.

Tədbirdə UNESCO yanında Daimi nümayəndə Elman Abdullayev və Fransadakı Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili, müşavir Nigar Hüseynova çıxış edərək 8 Noyabr - Zəfər Günündən, onun müstəsna əhəmiyyətindən söz açıblar.

N.Hüseynova qeyd edib ki, Ermənistanın hərbi təxribatları və davamlı təcavüzü qarşısında Azərbaycan əks-hücum əməliyyatına başlamalı olub. Azərbaycanın iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, eləcə də xalqımızın əzmi və iradəsi sayəsində bu əməliyyat ölkəmizin qələbəsi ilə başa çatdı.

N.Hüseynova vurğulayıb ki, hazırda ən önəmli məsələ Azərbaycan və Ermənistan arasında qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu istiqamətdə Azərbaycan beynəlxalq ictimaiyyətdən və aktorlardan Cənubi Qafqazda sülh naminə müvafiq addımlar atmasını gözləyir.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev işğal dövründə erməni silahlı qüvvələrinin Azərbaycanın tarixi, mədəni və dini abidələrini məhv etməsindən söz açıb. İşğal altında olmuş ərazilərdə Azərbaycanın bütün mədəni irsinin qəddarlıqla məhv edildiyini vurğulayıb. Muzeylərin, kitabxanaların, məbəd və məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin yerlə-yeksan edildiyini diqqətə çatdırıb, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən söz açıb.

Diplomat vurğulayıb ki, noyabrın 8-i təkcə milli qürur günü kimi deyil, həm də tarixi ədalətin, beynəlxalq hüququn təntənəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin işğaldan azad olunduğu gündür.

Fransa Milli Assambleyasının üzvü Andre Vilye Azərbaycanın Zəfər bayramında iştirak etməkdən şərəf duyduğunu bildirib. O, Azərbaycana dəfələrlə getdiyini, ölkəmizi yaxından tanıdığını vurğulayıb. Bildirib ki, Cənubi Qafqazda Ermənistanın Azərbaycana qarşı başladığı münaqişədən sonra ölkələr davamlı sülh axtarışında olublar. Fransa da ABŞ və Rusiya ilə birlikdə Minsk qrupu çərçivəsində münaqişənin diplomatik yollarla həllinə töhfə verməyə cəhd edib. Ancaq təəssüf olsun ki, münaqişənin diplomatik yolla həllinə nail olunmadı.

Fransız deputat iki ölkə arasında 30 il davam edən müharibədən, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən, ölkəmizin öz hüquqlarını silah vasitəsi ilə bərpa etməli olmasından danışıb. Fransa Milli Assambleyasının üzvü qismində Qafqazda davamlı sülhə nail olunmasını səmimi olaraq arzu edib.

Zəfər və Bayraq Gününə həsr edilmiş tədbir “Sülh konserti” proqramı ilə davam edib. Konsertdə Etibar Əsədli (piano), Ələfsər Rəhimov (balaban), Samuel Fhima (kontrabas), Vənsan Tortiye (zərb alətləri) bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini, xalq mahnılarını səsləndiriblər. Bu musiqiçilərin müşayiəti ilə Elnur Hüseynov xalq mahnılarımızı ifa edib.

Tədbirə Özbəkistan Milli Məclisi Senatının birinci vitse-prezidenti, sabiq xarici işlər naziri Sodik Safoyev, bir çox ölkələrin Fransadakı səfirləri, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, Parisdəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər, elmi tədqiqatçılar, incəsənət və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

Ziyafət zalında böyük ekranda Zəfər Gününə və işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə aid videoçarx nümayiş olunub. Tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

 

Arxiv üzrə axtarış