UNESCO-nun mənzil-qərargahında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd edilib
Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.
UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramı çərçivəsində dünya şöhrətli Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.
Konsertdən əvvəl UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, Azərbaycan Mədəniyyət Nazirliyinə və UNESCO-ya 2022-2023-cü illər bienniumu çərçivəsində dahi Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş gecənin təşkilinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib. Azərbaycan xalqının musiqi xadimi, görkəmli və sevimli bəstəkarı F.Əmirovun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, bəstəkarın geniş çeşidli yaradıcılığında simfonik muğamın özünəməxsus yeri var. 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Rreprezentativ Siyahısına daxil edilmiş Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı olan muğam F.Əmirov yaradıcılığına güclü təsir göstərmişdir. Onun simfonik muğamları dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə Avropa ölkələrinin, eləcə də ABŞ-ın ən böyük konsert salonlarında səsləndirilib. Fikrət Əmirovun simfonik muğamları, operaları, baletləri, kamera-instrumental əsərləri, vokal əsərləri, musiqili komediyaları haqqında məlumat verilib.
UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 1956-cı ildən UNESCO tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin xatirəsini anmaq məqsədilə üzv dövlətlər və assosiativ üzvlər tərəfindən qeyd olunan anım tədbirlərində iştirak edir.
Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd edilməsi beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir. F.Əmirov da öz əsərləri ilə UNESCO dəyərlərinin təşviqinə töhfə verib.
Sonra Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Babək Niftəliyev (xanəndə), Səbinə Əsədova (mezzo-soprano), Selcan Nəsibli (soprano), Orxan Cəlilov (tenor) F.Əmirovun əsərlərini ifa ediblər. Həmçinin konsertdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) çıxış edib. Azərbaycan musiqiçilərinin ifaları sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, Parisdə 2021-ci ildə UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – xeyriyyəçi H. Z. Tağıyevin (1823-1924) anadan olmasının 200 illiyi və bəstəkar F.Əmirovun (1922-1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınmış və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilmişdir.