UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası öz işinə başlayıb
Cari ilin 28 noyabr – 3 dekabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası keçirilir.
Sessiyada ölkəmiz UNESCO yanında Daimi Nümayəndəlik, AR Mədəniyyət Nazirliyi, UNESCO yanında AR Milli Komissiyası və Mərakeş Krallığındakı səfirliyimiz tərəfindən təmsil olunur.
Sessiya zamanı Komitə tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsi məqsədilə Azərbaycanın irəli sürdüyü 1 milli nominasiya “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” və 3 çoxmillətli nominasiyalar “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan və Türkiyə) nəzərdən keçiriləcəkdir.
Bununla yanaşı, 17-ci sessiya zamanı 2003-cü il Konvensiyası üzrə Azərbaycanın Milli Dövri Hesabatı və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Çovqan, Qarabağın ənənəvi atüstü oyunu” elementi üzrə İkinci Milli Hesabat nəzərdən keçiriləcəkdir.