Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci il üçün sonuncu iclası keçirilib
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə dördüncü və bu il üçün axırıncı iclası keçirilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi iclasda Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri, daimi nümayəndələri iştirak ediblər.
İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev QH ölkələrinin UNESCO-ya yeni təyin olunmuş səfirlərini salamlayaraq, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra cari ilin sentyabr ayında keçirilmiş iclasdan sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.
İclasın əsas natiqi olan UNESCO İcraiyyə Şurasının sədri, Serbiyanın UNESCO yanında daimi nümayəndəsi Tamara Rastovak-Siamaşvili çıxış edərək, Hərəkatın çox mühüm platforma olduğunu və onun sədrliyi dövründə QH ölkələrinin maraqlarından çıxış edəcəyini bildirmiş və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu nəzərə çatdırmışdır.
Daha sonra, UNESCO-da Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlər qrupunun sədri, Kuk Adalarının UNESCO yanında daimi nümayəndəsi Natali Rozet-Kazel Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərin yeni hazırlanan Əməliyyat Strategiyasından söz açmış, qeyd olunan ölkələrin çox həssas olduğunu və digər ölkələrin mütəmadi dəstəyinə ehtiyacı olduğunu bildirmişdir.
Sual-cavab sessiyası zamanı iclasda iştirak edən səfirlər Azərbaycana effektiv sədrliyə görə minnətdarlığını bildirmiş, keçən İcraiyyə Şurasının sessiyası zamanı Hərəkat adından çox aktiv fəaliyyətini təqdir etmiş və müzakirə olunan sahələr üzrə birgə işləməyə hazır olduqlarını ifadə etmişlər.
İclasda həmçinin ötən iclasın hesabatı dinlənilib və qəbul olunub.
İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.