UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib
2024-cü ilin 10 may tarixində UNESCO-nun mənzil qərargahında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
tədbirdə Azərbaycanın Fransada və Monakoda fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva, UNESCO-da akkreditə olunmuş səfirlər və daimi nümayəndələr, müxtəlif ölkələrin diplomatları, yerli ictimaiyyətin nümayəndələri, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Ulu Öndər Heydər Əliyevin uzaqgörən və uğurlu xarici siyasətindən söz açaraq bildirib ki, Ulu Öndərin xarici siyasəti Azərbaycanın dünya arenasında layiqli yerini tutmasından, suverenliyini qorumaqdan, gələcək nəsillər üçün tərəqqisini təmin etməkdən ibarət idi. Ulu Öndər liderliyi, uzaqgörənliyi, strateji düşüncəsi və öz millətinin mənafeyinə dönməz bağlılığı ilə seçilirdi. Ümummilli Lider diplomatik təşəbbüslər və dialoq yolu ilə regional sabitliyin və iqtisadi inkişafın əsasını qoyaraq davamlı tərəfdaşlıqlar qurdu. Onun xarici məsələlərə praqmatik yanaşması Azərbaycanın maraqlarının qorunub saxlanmasını və səsinin qlobal səhnədə eşidilməsini təmin edib. “Heydər Əliyevin xarici siyasətinin əsasında Azərbaycanın strateji maraqlarının və milli prioritetlərinin dərindən dərk edilməsi dayanırdı. O, suverenlik və ərazi bütövlüyü prinsiplərini müdafiə etməklə yanaşı, iqtisadi inkişafı, enerji təhlükəsizliyini və mədəni mübadilələri təşviq edən siyasət yürüdürdü”, deyə daimi nümayəndə qeyd edib.
E.Abdullayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan-UNESCO münasibətlərinin yaranmasına töhfələrindən danışıb. Qeyd edib ki, Azərbaycan rəsmi olaraq UNESCO-ya 1992-ci ildə üzv qəbul olunsa da, təşkilatla əlaqələr 1983-cü ildən başlayıb. O, Bakının ev sahibliyi etdiyi “Şərq xalçaları sənəti üzrə beynəlxalq seminar”dan, bu tədbirdə UNESCO-nun Baş direktoru cənab Amadu-Mahtar M’Bou iştirakından, Azərbaycan alimi və xalçaçısı Lətif Kərimovun “Memar Əcəmi Naxçıvani” adlı xalçasının Heydər Əliyev tərəfindən UNESCO-ya hədiyyə edilməsindən, həmin xalçanın bu gün də UNESCO-nun mənzil qərargahında qürurla nümayiş olunmasından danışıb.
Diplomat Azərbaycanın UNESCO-da təşkil etdiyi mötəbər tədbirlərdən, Ulu Öndərin Fransaya səfəri çərçivəsində UNESCO-nun mənzil qərargahında olmasından, Prezident İlham Əliyevin rəhbərliyi altında mədəniyyətlərarası dialoq üçün “Bakı Prosesi”nin başlanmasından söz açıb. O, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-UNESCO tərəfdaşlığının bu gün də uğurla davam etdiyini bildirib.
Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar və onun fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.
Gənc fleytaçı Ağarəhim Quliyev Ulu Öndərin sevdiyi mahnıları səsləndirib.