2023-12-11

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası öz işinə başlayıb

2023-cü ilin 4-9 dekabr tarixlərində Botsvana Respublikasının Kasane şəhərində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyası öz işinə başlayıb.

Sessiyada ölkəmiz Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə AR Milli Komissiyasından ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Sessiyanın ilk günü Azərbaycanın UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirmişdir. Çıxışında Daimi nümayəndə 2003-cü il Konvensiyasının ölkəmiz üçün əhəmiyyətindən, Azərbaycan hökuməti tərəfindən qeyri-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən bəhs etmişdir.

Daha sonra, Ermənistan tərəfindən maddi və qeyri-maddi mədəni irsimizin dağıdılmasına toxunan E.Abdullayev, 30 il ərzində torpaqlarımızın işğalı dövründə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dağıldığını sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. E.Abullayev Ermənistanın işğalı nəticəsində mədəni irsimizlə yanaşı, çoxsaylı qeyri-maddi mədəni irs nümunələri, o cümlədən ənənəvi incəsənət, sənətkarlıq nümunələrinin tamamilə məhv edildiyini, Azərbaycanlıların öz doğma yurdlarından didərgin salındığını qeyd edərək, öz qeyri-maddi mədəni irs hüquqlarının həyata keçirilməsindən məhrum olduqlarını diqqətə çatdırmışdır.

Sessiyanın növbəti günündə Komitə tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilməsi məqsədilə Azərbaycanın da qoşulduğu 4 çoxmillətli nominasiyalar “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan) ,”İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə və Özbəkistan), “Sədəf sənəti”, eləcə də “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) nəzərdən keçiriləcək, UNESCO-nun Təcili Qorunma Siyahısında yer alan Azərbaycanın “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə bağlı növbəti dövri hesabatın qəbulu nəzərdə tutulur.

 

Arxiv üzrə axtarış