2024-05-04

UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişlər.

2024-cü ilin 01-03 may tarixlərində Bakı şəhərində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.

Forum çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə milli komissiyalarının rəhbərləri ilə görüşüb.

Görüşdə UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan fəal iştirakçılığın məmnunluq doğurduğu qeyd edilib.

Ölkəmizin COP29-a sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Arxiv üzrə axtarış