2023-12-16

UNESCO mənzil-qərargahında TÜRKSOY-un 30 illiyi konsert proqramı ilə qeyd edilib

2023-cü ilin 15 dekabr tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin UNESCO yanında Daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala-konserti keçirilib.

UNESCO-nun mənzil-qərargahında keçirilmiş konsertdə UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələri, diplomatik korpusun üzvləri, yerli ictimaiyyət və türkdilli ölkələrinin diaspor nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev TÜRKSOY-un yaradılması tarixindən danışıb və yarandığı gündən etibarən ortaq mədəni dəyərlərimizi təbliğ etdiyini bildiribdir. Səfir TÜRKSOY üzv olan ölkələr tərəfindən Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əlamətdar mədəniyyət tədbirlərinə ev sahibliyi edildiyini vurğulayıb.

Tədbirdə UNESCO Baş direktorunun Afrika Prioriteti və Xarici Əlaqələr üzrə müavini Antoni Ohemenq-Boamah çıxış edərək, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təşviqində UNESCO-TÜRKSOY əlaqələrinin və əməkdaşlığının əhəmiyyətini qeyd edib. O, həmçinin TÜRKSOY-un Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması və təbliği sahəsində gördüyü işlərin UNESCO tərəfindən yüksək qiymətləndirildiyini deyib.

TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf təşkilatın Baş katibi Sultan Rayevin adından tədbir iştirakçılarını salamlayaraq, videomesajı təqdim edib.

Qala-konsertində qonaqlara Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin milli musiqi və rəqsləri nümayiş etdirilib və zəngin mədəni proqramda Azərbaycan Milli Rəqs Ansamblının müşayiəti ilə həmvətənlərimiz Gülzar Fərəcova, Rəşad İbrahimov və Təbriz Yüsubovun ifasında “Sarı Gəlin” mahnısı, Ruslan Zərbəliyev (tar), Aysu Sadıqova (qanun) və Pərviz Fərhadov (kamança) isə “Çahargah rapsodiyası”nı ifa ediblər.

Arxiv üzrə axtarış