2024-03-19

UNESCO-nun İcraiyyə Şurasının 219-cu sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

2024-cü ilin 13-27 mart tarixllərində UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası öz işinə başlamışdır.

Sessiyanın 18-19 mart tarixlərində keçirilən plenar debatlar hissəsində ölkəmizin UNESCO yanında Daimi nümayəndə Elman Abdullayev tərəfindən Azərbaycanın milli bəyanatı səsləndirilmişdir.

Milli bəyanatda E.Abdullayev Azərbaycan tərəfindən Təşkilatın Gender Bərabərliyi, Prioritet Afrika və SİDS istiqamətlərinə böyk əhəmiyyət verdiyini bildirərək, ölkəmiz tərəfindən Afrikanın mədəni irsinin qorunmasına verdiyi töhfələr, eləcə də Afrikada həyata keçirilən uğurlu layihələrdən bəhs etdi.

Ölkəmiz tərəfindən UNESCO-nun mədəniyyətlərarası dialoq və İpək Yolları proqramı, eləcə də irqi ayrı seçkiliyə qarşı mübarizə ilə bağlı həyata keçirdiyi layihələri dəstəklədiyini bildirdi.

Daimi nümayəndə ölkəmizin Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə namizədliyi haqda məlumat vermişdir.

“Mədəni irs bəşər tarixinin ayrılmaz hissəsidir və gələcək nəsillər üçün qorunmalıdır” deyən Daimi nümayəndə, mədəni irs abidələri ətrafında minaların yerləşdirilməsinin milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradığını bildirmişdir.

İqlim dəyişikliyinin mədəni irsə təsiri mövzusuna toxunan E.Abdullayev, ölkəmizin beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliyinə qarşı mübarizəsində fəal töhfə verdiyini qeyd etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin ölkədə “Yaşıl Dünya Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncam imzaladığını bildirmişdir. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsinin beynəlxalq ictimaiyyətin ölkəmizə dərin hörmət və etimadının bariz nümunəsi olduğunu bildirmişdir.

Daha sonra, Daimi nümayəndə Ermənistan tərəfindən ölkəmizə qarşı 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Azərbaycanın mədəni irsinin tamamilə dağıdıldığını, arxeoloji abidələr, muzeylər və kitabxanaların talan edilərək tamamilə məhv edildiyini vurğulayaraq, bu vandallıq aktlarının 1954-cü il Haaqa Konvensiyası və onun İki protokolu, həmçinin 1970-ci il Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulduğunu bildirmişdir.

E.Abdullayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın təhsil infrastrukturuna vurulmuş ciddi ziyandan danışmış və 2000-dən artıq təhsil müəssisəsinin məhv edildiyini qeyd etmişdir.    

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra, həmin ərazilərdə ölkəmiz tərəfindən genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanıldığı bir halda, Ermənistan tərəfindən bu ölkədə yerləşən Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin tamamilə dağıdıması prosesinin davam etdiyini bildirən, Daimi nümayəndə bütün Azərbaycan toponimlərinin adının dəyişdirildiyi, Azərbaycanın tarixi-mədəni irsinin, məscidlərin və qəbiristanlıqların qəsdən məhzv edildiyini bildirərək, bunun əsas məqsədinin əsrlər boyu həmin əraziləri öz vətəni adlandıran etnik azərbaycanlıların izlərini həmin ərazilərdən tamailə silməkdən ibarət olduğunu vurğulamışdır. İrəvanın Təpəbaşı məhəlləsinin də eyni aqibətlə üzləşdiyini deyən E.Abdullayev, Ermənistan hökuməti tərəfindən həmin ərazinin tamamilə məhv edildiyini Şura üzvlərinin diqqətinə çatdırmışdır.

 

Arxiv üzrə axtarış