2024-07-05

UNESCO-nun mənzil-qərargahında Azərbaycan-UNESCO tərəfdaşlığının 40 illiyi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

2023-cü ilin aprelin 28-də Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən UNESCO-nun mənzil-qərargahında Azərbaycan-UNESCO tərəfdaşlığının 40 illiyi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun və UNESCO üzrə Milli Komissiyamızın dəstəyi ilə “Azərbaycan-UNESCO: 40 illik tərəfdaşlıq” mövzusunda konfransla başlayıb.

Konfransın açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev çıxış edib.

E.Abdullayev 1983-cü ildə Bakıda keçirilən UNESCO-nun Şərq Xalça Sənəti üzrə Beynəlxalq Seminarın (Seminaire international sur l’art du tapis d’Orient) UNESCO ilə Azərbaycan arasında əlaqələrin yaranmasında və ölkəmizin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynadığını qeyd edib. O, həmin seminarın təşkil olunmasında Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi vurğulayıb.

Səfir Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, diplomatik bacarığı və vətənpərvərliyinin hətta Sovet İttifaqı vaxtı Azərbaycan xalqının mədəniyyətini dünya səviyyəsində tanıtmağa imkan yaratdığını və alqışalayiq olduğunu bildirib.

Sonra E.Abdullayev Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” və onun önəmi haqqında məlumat verib. Diplomat, həmçinin aprelin 28-də Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd olunduğunu qonaqların diqqətinə çatdırıb.

Sonra Azərbaycanın sabiq Baş naziri, sabiq xarici işlər naziri və UNESCO üzrə Milli Komissiyamızın ilk sədri səfir Həsən Həsənov, 1999-2009-cu illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışan Koişiro Matsuura (videokonfrans formatında), UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovak Siamaşvili (videokonfrans), UNESCO-nun Xarici əlaqələr şöbəsinin müdiri Genc Seiti, təşkilatın Asiya şöbəsinin sabiq rəhbəri Vəfa Mustafayev, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova çıxış ediblər.

Səfir Həsən Həsənov çıxışı zamanı Heydər Əliyevin təkcə Azərbaycan xalqının taleyində deyil, həmçinin onun peşəkar fəaliyyətində də mühüm rol oynadığını bildirib, Azərbaycan xalqının Ulu Öndər kimi dahi şəxsiyyətlərlə fəxr etdiyini vurğulayıb. O, Şərq Xalça Sənəti üzrə ilk Beynəlxalq Seminarın 1983-cü ildə Bakıda keçirilməsinin və UNESCO-nun sabiq Baş direktoru Mbonun həmin seminarda iştirakının ölkəmiz üçün beynəlxalq arenaya qapı açdığını deyib. Bildirilib ki, həmin tədbirdə Heydər Əliyev tərəfindən A.Mboya xalça ustası və alim Lətif Kərimovun əl işi olan “Memar Əcəmi” xalçası hədiyyə olunub. Həmin xalça hazırda UNESCO-nun mənzil-qərargahında saxlanılır.

H.Həsənov qonaqlar arasında olan Mari Ami Mboya atası tərəfindən Azərbaycana göstərilən dəstəyə görə xalqımız adından təşəkkürünü bildirib.

Sonda diplomat bəzi beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ikili standartlar və lobbi təşkilatlarının təzyiqinə baxmayaraq, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət nəticəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsinə nail olduğumuzu bildirib. O, daimi nümayəndə E.Abdullayevə bütün çətinliklərə baxmayaraq, ölkəmizin maraqlarını UNESCO-da layiqincə təmsil etdiyinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, H.Həsənov 1983-cü ildə Bakıda keçirilən beynəlxalq seminarın təşkilat komitəsinin üzvü və canlı şahidi olub.

K.Matsuro çıxışında UNESCO-nun dəyərlərini təşviq etmək məqsədilə Azərbaycan tərəfindən müxtəlif layihələr həyata keçirildiyini, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, təşkilata rəhbərlik etdiyi dövrdə Azərbaycana səfərləri və onlarla bağlı şəxsi xatirələri haqqında danışıb, Beynəlxalq Muğam Festivalının, milli rəqslərimizin və Qobustanın onun yaddaşında əbədi həkk olunduğunu qeyd edib. K.Matsuura Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-ya, həmçinin mədəniyyətə göstərdikləri qayğı və diqqətin yüksək qiymətləndirdiyini vurğulayıb.

Sonra səfir E.Abdullayev 2009-2017-ci illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışmış İrina Bokovanın iştirakçılara təbrik məktubunu oxuyub. İ.Bokova məktubunda Prezident İlham Əliyevlə birgə iştirak etdiyi Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum, Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri olduğu müddətdə qızların təhsilinə göstərdiyi xüsusi qayğı, Azərbaycan ilə UNESCO arasında imzalanan Çərçivə Sazişi haqqında xatirələrini bölüşüb. Sabiq baş direktor Azərbaycan tərəfindən mədəniyyət və irs, biomüxtəlifliyin qorunması, təhsil, idman, mədəniyyətlərarası dialoq sahələri üzrə həyata keçirilən onlarla layihənin vacibliyindən söz açıb. O, Azərbaycan-UNESCO tərəfdaşlığının təşkilatın mandatının həyata keçirilməsi üçün potensial yaratdığına əmin olduğunu qeyd edib.

UNESCO-nun İcraiyyə Şurasının sədri T.Rastovak Siamaşvili çıxışında Azərbaycan-UNESCO münasibətlərinin dinamik xarakter daşıdığını, ölkəmiz tərəfindən təşkilatın mandatı çərçivəsində saysız-hesabsız layihələr reallaşdırıldığını qeyd edib. O, sədrliyi dövründə Azərbaycanın bir sıra təşəbbüsləri, o cümlədən mədəniyyətlərarası dialoq və idman sahələri üzrə hazırlanan müvafiq qətnamə layihələrinin İcraiyyə Şurasında müzakirə edildiyini və üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunduğunu vurğulayıb.

UNESCO-nun Xarici əlaqələr şöbəsinin müdiri Genc Seiti isə 1995-ci ildə UNDP ilə UNESCO-nun təhsil sahəsi üzrə birgə keçirdiyi layihə çərçivəsində Azərbaycana səfər etdiyini, mədəniyyətimizi tanıdığını və ölkəmizlə bağlı xoş xatirələrinin olduğunu bildirib. O, təşkilat ilə ölkəmiz arasında zəngin əməkdaşlığın mövcudluğunu, ölkəmizin ən fəal üzv dövlətlərdən biri olduğunu, təşkilatın qlobal prioritetləri – gender bərabərliyi və Afrika ilə bağlı layihələrə həmişə dəstək verdiyini, mədəniyyətlərarası dialoqu “Bakı Prosesi” və UNESCO-nun Mədəniyyətlərarası elektron platforması layihələri vasitəsilə təşviq etdiyini, UNESCO-nun İpək Yolları Proqramının bərpasında fəal iştirak etdiyini, Idman nazirlərin 7-ci Konfransına (MINEPS IV) cari ilin iyununda ev sahibliyi edəcəyini və Qlobal Təhsil Koalisiyasını dəstəklədiyini diqqətə çatdırıb.

1983-cü ildən etibarən UNESCO-da çalışan Azərbaycan əsilli Vəfa Mustafayev müstəqillikdən əvvəl və sonrakı dövrlərdə ölkəmizin mədəniyyət sahəsində həyata keçirilən layihələr və görülən işlər haqqında məlumat verib. O, Azərbaycanın iri addımlarla irəlilədiyini, gündən-günə gücləndiyini, söz sahibinə çevrildiyini, ölkənin qədim və zəngin mədəniyyətinin UNESCO-da layiqincə təmsil olunduğunu diqqətə çatdırıb. Onun fikrincə, UNESCO-Azərbaycan münasibətləri tarixində mühüm hadisələrdən biri “İçərişəhər”in, Qız qalasının və Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması olub.

Səfir E.Abdullayev ölkəmizə və xalqımızın maraqlarına həmişə sadiq olduğuna, milli kimliyimizin qorunub-saxlanılmasına görə V.Mustafayevə təşəkkür bildirib.

Daha sonra Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova Fondun fəaliyyəti haqqında məlumat verib, ölkəmizdəki multikultural dəyərlərin sübutu kimi Fond tərəfindən müxtəlif ölkələrdə tarixi abidələrin, o cümlədən sinaqoqların, kilsələrin və məscidlərin, restavrasiyasının aparıldığını qeyd edib. F.Yusibova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən reallaşdırılan layihələrin elm, təhsil, mədəniyyət, incəsənət, gənclər və digər sahələri əhatə etdiyini bildirib. O, Fondun Ümummilli Lider Heydər Əliyevin adını daşıdığını və Ulu Öndərin irsini bütün dünyaya tanıtmaqda davam etdiyini diqqətə çatdırdıb.

Qeyd edək ki, 1974-1987-ci illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışmış Amadu-Mahtar Mbonun qızı Mari Ami Mbo konfransa fəxri qonaq qismində qatılıb.

Konfransın sonunda ikitərəfli əməkdaşlığın tarixinə dair videotəqdimat keçirilib.

Təşkilatın mənzil-qərargahında təşkil olunan fotosərgidə ölkə rəhbərliyinin UNESCO-ya, eləcə də UNESCO rəhbərliyinin Azərbaycana rəsmi səfərləri, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər zamanı çəkilən tarixi fotolar nümayiş etdirilib.

Tədbir daimi nümayəndəliyimizin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan konsertlə yekunlaşıb.

Konsertdə tarzən Sahib Paşazadə, pianoçu Etibar Əsədli, balaban ifaçısı Ələfsər Rəhimov və “Junior Eurovision 2021” mahnı müsabiqəsinin iştirakçısı Sona Əzizova çıxış ediblər. İstedadlı musiqiçilərimiz “Sarı gəlin”, “Şuşam mənim”, “Arşın mal alan”, “Küçələrə su səpmişəm”, “Alagöz”, “Qaraqaşın vəsməsi” əsərlərini fərqli variasiyalarda ifa etməklə qonaqların böyük rəğbətini qazanıblar.

Azərbaycan musiqi mədəniyyətinin zənginliyi müxtəlif ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb və qonaqlar hətta konsertdən sonra musiqiçilərimizin istifadə etdikləri milli musiqi alətləri, ifa etdikləri kompozisiyalarla bağlı onlara suallar veriblər.

Sonda iştirakçılar milli mətbəximizin dolma, aş və qutab kimi məşhur təamlarından dadıblar.Tədbirdə üzv dövlətlərin təmsilçiləri, səfirlər, UNESCO Katibliyinin nümayəndələri və Azərbaycanın Fransadakı dostları iştirak ediblər.

 

Arxiv üzrə axtarış