2024-11-28

UNESCO-nun mənzil-qərargahında Azərbaycanlı rəssamların “Dayanıqlı Baxış: Daha Yaşıl Gələcək üçün İncəsənət” adlı sərgisi keçirilir

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 26 noyabr 2024-cü il tarixində UNESCO-nun mənzil qərargahında azərbaycanlı rəssamların sənət əsərlərinin nümayiş etdirildiyi “Dayanıqlı Baxış: Daha Yaşıl Gələcək üçün İncəsənət” adlı sərginin açılışı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş tədbirdə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun, həmçinin Xanlar Əsədullayevin, Aqşin Kazımovun, Nihad Ağazadənin, Çinarə Baxşıyev-Qafarovanın, Mahir Qafarovun, Aynur Məmmədovanın və o cümlədən gənc rəssamlar Nazilə Fərzullayevanın, Məryəm Abdullanın və Nərmin Nəsibovanın əsərləri nümayiş etdirilir.
UNESCO Baş Konfransının sədri Simona-Mirela Mikulesku, UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko, təbiət elmləri üzrə müavini Lidia Brito, habelə UNESCO yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri/səfirləri, diplomatik korpusun üzvləri və yerli ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edərək Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev sərginin iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın sarsılmaz öhdəliyinin bir təcəssümü olduğunu bildirib. Səfir qeyd edib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 və burada əldə olunmuş razılaşma beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsidir. Prezident İlham Əliyevin liderliyi altında ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən E.Abdullayev, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycanın iqlim danışıqlarında tarixi nəticələr əldə etdiyini diqqətə çatdırıb.
Öz növbəsində, tədbirdə çıxış edən UNESCO-nun rəhbər şəxsləri – Baş Konfransın sədri S.Mikulesku, baş direktorunun mədəniyyət üzrə müavini E.Ottone və təbiət elmləri üzrə müavini L.Brito mədəniyyətin dayanıqlı inkişafda oynadığı mühüm rolu, habelə UNESCO-nun qlobal problemlərin həlli üçün mədəniyyət və yaradıcılıqdan dinamik qüvvə kimi istifadə etmək baxışını xüsusi vurğulayıblar. Natiqlər həmçinin COP29-a uğurla ev sahibliyi etdiyinə görə ölkəmizi təbrik edib, bu uğurun Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin təzahürü olduğunu qeyd ediblər.
Sərgidə nümayiş etdirilən əsərlər Azərbaycanın zəngin mədəni irsini və bənzərsiz təbiət gözəlliklərini əks etdirir. Xəzər dənizinin rəngarəng mənzərələrindən Qafqaz dağlarının əzəmətinə qədər müxtəlif motivləri canlandıran əsərlər yalnız təbiət təsvirlərini təqdim etməklə kifayətlənmir, eyni zamanda təbiətin qorunması üçün çağırış edir. Bu baxımdan, tədbir incəsənətin təbliği ilə yanaşı, dayanıqlı gələcək naminə qlobal həmrəyliyin vurğulanması nöqteyi-nəzərdən əhəmiyyət daşıyır.
Açılış mərasimdən sonra qonaqlar sərgini ziyarət edərək, əsərlərlə yaxından tanış olublar.
“Dayanıqlı Baxış: Daha Yaşıl Gələcək üçün İncəsənət” sərgisi UNESCO-nun mənzil-qərargahında 3 gün davam edəcək.

Arxiv üzrə axtarış