Parisdə Milli Musiqi Günü qeyd edilib
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə 18 sentyabr – Milli Musiqi Günü Paris şəhərində qeyd edilib. Sentyabrın 18-i həm də dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 136-cı ildönümüdür.
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş virtual konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun musiqiləri səsləndirilib.
Azərbaycan Dövlət Himni ilə başlayan virtual konsertdə pianoçu Etibar Əsədli böyük bəstəkarın “Arşın mal alan” operettasından “Qızların xoru”-nu, “Arazbarı” və “O olmasın, bu olsun” operettasından musiqiləri, həmçinin böyük mütəfəkkir və şair Nizami Gəncəvinin poemalardındakı obrazlara uyğun olaraq bəstələnən “Sənsiz” və “Sevgili canan” əsərlərini pianoda ifa edib.
Böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi tanınan Üzeyir Hacıbəyov ölkəmizdə musiqini tədris etməyə, klassik və xalq musiqisini öyrənərək bədii xüsusiyyətlərini meydana çıxartmağa, müxtəlif musiqi kollektivlərini yaratmağa nail olmuşdur.
Xatırladaq ki, Maestro Niyazı Üzeyir Hacıbəyovun vəfatından sonra hər il onun doğum günündə konsertlər təşkil etməklə bayram kimi qeyd edilməsi ənənəsinin əsasını qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəyovun anadan olduğu gün – 18 sentyabrı tarixi Milli Musiqi Günüdür.
Sözügedən konsert Daimi Nümayəndəliyin rəsmi «Youtube» səhifəsində yerləşdirilib və UNESCO yanında akkreditə olunmuş bütün ölkələrin Daimi Nümayəndəlikləri ilə paylaşılıb.
Konsert üçün keçid:
https://www.youtube.com/watch?v=iLX158WBOXE&feature=youtu.be