2021-10-27

UNESCO: Azərbaycanın sədrliyi ilə təhsilə həsr olunmuş informativ görüş keçirilmişdir

27 oktyabr 2021-ci il tarixində UNESCO-nun təşkilatçılığı və Azərbaycanın sədrliyi ilə UNESCO-nun Şərqi Avropa ölkələrindən ibarət II Seçki Qrupunun üzvləri ilə əlaqələndirici təhsil üçün Qlobal Bəyannaməyə dair informativ görüş keçirilmişdir.

Sessiyada Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefania Cianini və II Seçki Qrupunun üzv ölkələrinin səfirləri və nümayəndələri iştirak etmişdilər.

İnformativ görüşdə UNESCO nümayəndələri əlaqələndirici təhsilə dair qlobal bəyannamə, onun məzmununa dair təfərrüatlar haqqında məlumat paylaşmışlar.

Sessiyanın keçirilməsində əsas məqsəd üzv dövlətlərə əlaqələndirici təhsil üçün Qlobal Bəyannamənin məqsədi, prinsipləri və öhdəlikləri barədə məlumat vermək, cari ilin dekabr ayında keçiriləcək “RewirEd“ sammitində Bəyannamə və onun təsdiqlənməsi barədə məlumatlılığı artırmaq idi.

Görüşdə pandemiyanın təhsilə neqativ təsirləri, bu günədək 700 milyon tələbənin məktəblərin bağlanmasından əziyyət çəkməkləri, gənclər və uşaqların 47 % üçün texnologiyaların hələ də əlçatmaz olduğu diqqətə çatdırılmış, UNESCO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasının fəaliyyət istiqamətlərindən danışılmışdır.

Qlobal Bəyannamənin əsas prinsipləri haqqında söz açan UNESCO-nun Təhsil Sektorunun nümayəndələri marginallaşmış qruplara fokuslanmağın mühümlüyü, sərbəst və yüksək keyfiyyətli rəqəmsal təhsilə qoyulan sərmayələr, təhsilin rəqəmsal transformasiyasının pedaqoji transformasiyanı tələb etməsi kimi məsələlərə toxunmuşlar.

Arxiv üzrə axtarış