2021-11-23

UNESCO-nun Baş konfransının 41-ci sessiyası çərçivəsində Elnur Məmmədov San-Marinonun təhsil və mədəniyyət naziri ilə görüşüb

UNESCO-nun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov San–Marinonun təhsil və mədəniyyət, universitetlər və elmi tədqiqatlar naziri Andrea Beluzzi ilə görüşüb.

Görüşdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev və Daimi Nümayəndəliyin diplomatı Nigar Qurbanova iştirak ediblər.

Xarici işlər nazirinin müavini E.Məmmədov ötən il Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən söz açıb. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsündən, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri olmasından, ölkəmizdəki multikulturalizm və tolerantlıq mühitindən, ölkəmizin müəllifi olduğu “Mədəniyyət naminə sülh” qlobal kampaniyasından, onun məqsədlərindən danışıb.

San–Marinonun təhsil və mədəniyyət, universitetlər və elmi tədqiqatlar naziri Andrea Beluzzi Avropa Oyunları zamanı ölkəmizə səfərindən söz açaraq, xoş xatirələrini bölüşüb. Bildirib ki, ölkəsi Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Universitetlərarası əlaqələrdən danışaraq, tələbə və müəllim mübadiləsinə toxunub. Ölkəmizlə əməkdaşlığın möhkəmləndilirməsində maraqlı olduqlarını vurğulayıb.

Arxiv üzrə axtarış