2021-11-23

Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır

Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır, qarşıdan gələn ildə əməkdaşlığın 30 illiyi qeyd ediləcək. Azərbaycan-UNESCO münasibətləri möhkəm təməl üzərində qurulub.

Bu fikirlər UNESCO-nun Baş Konfransı çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və UNESCO Baş Direktorunun beynəlxalq əlaqələr və Afrika Prioriteti üzrə müavini Firmin Eduard Matoko arasında görüşdə vurğulanıb.

E.Məmmədov Azərbaycan-UNESCO münasibətlərinin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu olduğunu xatırladıb və onun bu qurumla əməkdaşlığa verdiyi töhfələrdən, həyata keçirilmiş layihələrdən söz açıb.

Ötən il ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad olmuş ərazilərdə bütün mədəni irs abidələrinin ermənilər tərəfindən tamamilə dağıdıldığını qeyd edib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətinə, eləcə də UNESCO-nun II seçki qrupuna sədrliyinə toxunan xarici işlər nazirinin müavini Qlobal Təhsil Koalisiyasına verdiyimiz töhfələrdən, Azərbaycan-UNESCO arasında yaradılmış Etimad Fondu çərçivəsində həyata keçirilmiş layihələrdən, Afrika Prioritetləri sahəsində gördüyü işlərdən danışıb. Ölkəmizin öz öhdəliklərinə həmişə sadiq olduğunu vurğulayıb.

UNESCO Baş Direktorunun müavini ölkəmizin UNESCO-ya verdiyi töhfələrdən məmnunluğunu bildirərək, Azərbaycanın təşkilatın əsas tərəfdaşlarından olduğunu diqqətə çatdırıb. Pan Afrika və süni intellekt üzrə Afrikada bir çox regional görüşlərin keçiriləcəyini, bu istiqamətdə texniki dəstəyə ehtiyacın olduğunu bildirib. Təhsil sahəsində Afrikada həyata keçiriləcək layihələrdən söz açan F.Matoko Azərbaycanın bu sahədə Afrika ölkələrinə verdiyi mühüm töhfələrdən, kadr hazırlanması istiqamətindəki yardımından söz açaraq, Afrika ölkələrində təhsil menecmentliyi üzrə yardıma ehtiyac olduğunu deyib.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin “Xivə Prosesi” və Luanda Biennalisini “Bakı Prosesi” qlobal təşəbbüsünün tərkib hissəsi kimi ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Luanda Biennalisində təmsil olunacaq.

Arxiv üzrə axtarış