Ernesto Ottone: UNESCO texniki missiyanın Qarabağa qısa zaman çərçivəsində göndərilməsində maraqlıdır
Azərbaycan və UNESCO arasında mədəniyyət sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan-UNESCO münasibətləri möhkəm təməl üzərində qurulub.
Bu fikirlər UNESCO-nun Baş Konfransı çərçivəsində Azərbaycan Xarici İşlər nazirinin müavini Elnur Məmmədov və UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone ilə görüşdə vurğulanıb.
Görüşdə Azərbaycan və UNESCO arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub. Ölkəmizin mədəniyyət sahəsinə xüsusi diqqət verdiyi bildirilib. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizlə qurum arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafında xüsusi rolu olduğu vurğulanıb.
Görüşdə ölkəmizin silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitəyə namizədliyindən söz açılıb.
Texniki missiyaya dair fikir mübadiləsi aparılaraq, onun önəmi diqqətə çatdırılıb. Azərbaycanın texniki missiyanın azad olmuş ərazilərə səfərində maraqlı olduğu, 30 il işğal ərzində texniki missiya ilə bağlı müraciət etdiyi, ancaq Ermənistanın mövqeyinə görə işğal altında olan Azərbaycan ərazilərinə missiyanın gəlməsinin mümkün olmadığı vurğulanıb. Ölkəmizin bu missiyanın tezliklə həyata keçirilməsində maraqlı olduğu qeyd edilib.
UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Azərbaycan-UNESCO əlaqələrindən məmnunluğunu ifadə edib. Ölkəmizin qurumla mədəniyyət sahəsində sıx əməkdaşlığından danışıb. Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasını xatırlayaraq, onun yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. UNESCO-nun da texniki missiyanın qısa zaman çərçivəsində reallaşmasında maraqlı olduğunu deyib.
Görüşdə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin II katibi Nahid Ömərov da iştirak edib.