UNESCO Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” təşəbbüsünə qoşulmağa dəvət edilib
UNESCO-nun Baş Konfransı çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qurumun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
Görüşdə ölkəmizlə UNESCO arasında sosial və humanitar elmlər sahəsində əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsündən söz açılıb. Bu proses çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından birinin UNESCO olduğu vurğulanıb, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi əzmi ifadə olunub. Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” təşəbbüsünə toxunulub, UNESCO ölkəmizin bu yeni təşəbbüsünə qoşulmağa dəvət edilib.
Görüşdə, həmçinin Azərbaycan və UNESCO arasında əməkdaşlığın yüksək səviyyəsi vurğulanaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın bu əməkdaşlığın inkişafına verdiyi töhfələr xatırlanıb.
UNESCO ilə idman sahəsində əməkdaşlığa toxunan Elnur Məmmədov ölkəmizin bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin bu sahədə zəngin təcrübəsi var. Beynəlxalq tədbir və yarışların Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadı əks etdirir. İdman sahəsində əməkdaşlığa hazır olduğumuzu və bu sahədə də əməkdaşlığın uğurla inkişaf edəcəyini vurğulayıb.
Görüşdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev və Daimi Nümayəndəliyimizin II katibi Nahid Ömərov, eləcə də UNESCO-nun sosial və humanitar sahəsində çalışan əməkdaşları iştirak ediblər.