2021-11-23

Akademik Rafael Hüseynov UNESCO sessiyasında Azərbaycanın həmmüəllifi olduğu layihənin böyük əhəmiyyətindən danışıb

Dünyanın əsas elm, təhsil, mədəniyyət təşkilatı olan UNESCO Baş Konfransının Parisdə keçirilən 41-ci sessiyası xüsusi əhəmiyyət kəsb edən silsilə məruzə və qətnamələrin müzakirələri ilə davam edir.

Sessiyada Azərbaycanın həmmüəlifi olduğu “Xivə prosesi” – Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” adlı qətnamə UNESCO-nun sosial və humanitar elmlər komissiyasının iclasında geniş müzakirə edilib. UNESCO Baş Konfransının 41-ci sessiyasında Azərbaycanı təmsil edən Milli Məclisin deputatı, akademik Rafael Hüseynov sosial və humanitar elmlər komissiyasının iclasında keçirilən müzakirələrdə fəal iştirak edib. “Xivə perosesi” layihəsinin müzakirələrində mülahizələrini bölüşüb. Bildirilib ki, Özbəkistanın irəli sürdüyü bu layihəyə Azərbaycan əsas həmmüəllif olaraq, bu qətnaməyə töhfələrini verib.

Akademik Rafael Hüseynov qarşılıqlı faydalı əlaqə və münasibətlərin tarixinə diqqət yönəldərək deyib: “XV əsrin dahi özbək mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvai təsdiq edirdi ki, səbir edərək çalışanlar adi yarpaqdan ipək yaratmağa qadirdir. Bu sözlərin həqiqiliyini tarix də dəfələrlə sübut edilib. Bir zamanlar mədəniyyətləri və xalqları qovuşduran böyük “İpək yolu”nu da əməkdaşlığa, anlaşmaya, qarşılılıqlı iqtisadi və mənəvi bəhrələnməyə nail olmağa çalışan insanlar doğurmuşdular”.

Rafael Hüseynov qəbul edilən sənədin əslində elm və mədəniyyətdən daha miqyaslı bir layihə olduğunu nəzərə çadıraraq bildirib ki, “Xivə prosesi” mahiyyəti etibarı ilə yalnız Orta Asiyanın sivilizasiyalar qovuşuğunda olması ideyası ilə məhdudlaşmır və əslində qat-qat geniş coğrafiyanı əhatə edir.

Bu layihəyə 23 ölkənin, eləcə də Azərbaycanın qoşulması, bu sırada region ölkələri ilə yanaşı Meksikanın, Almaniyanın, İtaliyanın, Macarıstanın, Çinin bir çox başqalarının yer alması düşündürücüdür. Çünki “Xivə prosesi”nin başlıca fəlsəfəsi yeni zaman içərisində mədəniyyətləri, xalqları daha artıq yaxınlaşadırmağa yeni impuls və mümkün töhfələr vermək, əməkdaşlıq və anlaşmanın sərhədlərini daha da genişləndirməkdir. Ciddi perspektivlər vəd edən bu platforma elm, təhsil, mədəniyyət, intellektual əməkdaşlıqdan daha geniş hədəfləri nəzərdə tutur. “Xivə prosesi” fikrimcə, həm də yetərincə əhəmiyyətli siyasi yük daşıyır, region ölkələrinin dünya ilə əlaqələrinin dərinləşdirməyi, qarşılıqlı anlaşma və inam mühitinin mökhəmlənməsinə xidmət edə biləcəkdir.

Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan son illərdə dünya miqyasında mədəniyyətlər və dinlər arasında dialoqun başlıca mərkəzlərindən birinə çevrilib, uğurla gerçəkləşən bir çox bu qəbil tədbirlərə ev sahibliyi edib. Eyni zamanda, Azərbaycan bu gün dünyanı qovuşduran və qarşılıqlı maraqlara xidmət edən bir sıra mühüm qlobal iqtisadi layihələrdə də aparıcı mövqe tutmaqdadır.

Akademik Rafael Hüseynov qəbul edilən “Xivə prosesi”: Mərkəzi Asiyada beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” adlı qətnamənin UNESCO-nun ali məqsədlərinə, ölkələr və xalqlar arasında yaxınlaşma və əlaqələrin inkişafında xidmət edən mühüm layihə kimi bəhrələr verəcəyinə, nəzərdə tutulmuş niyyətlərin həyata keçirilməsinə yeni sürət gətirəcəyinə inamını ifadə edib.

 

Arxiv üzrə axtarış