2021-11-26

UNESCO: Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun Yubileylər siyahısına daxil edilib

Fransanın paytaxtı Paris şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun 2022-2023-cü illər üzrə Yubileylər siyahısı təsdiqlənib.

UNESCO yanında Daimi Nümayəndəliyimizin səyləri nəticəsində dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 200 illiyi UNESCO Baş Konfransının qərarı ilə təşkilatın 2022-2023-cü illər üçün Yubileylər Siyahısına daxil edilib.

UNESCO 1956-cı ildən tarixi hadisələrin anım mərasimlərinin və üzv dövlətlər tərəfindən qeyd olunan görkəmli şəxsiyyətlərin yubileylərinin dünya miqyasında tanınmasında iştirak edir və bu məqsədlə siyahı tərtib edir.

Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş şəxsiyyətlərin, əsərlərin və ya hadisələrin qeyd edilməsi və diqqətin cəlb edilməsi beynəlxalq anlaşmaya, xalqlar arasında daha sıx münasibətlərə və sülhə kömək edir.

Qarşıdan gələn illərdə bəstəkar Fikrət Əmirovun və xeyriyyəçi Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcəkdir.

 

Arxiv üzrə axtarış