2021-12-22

UNESCO: Azərbaycan Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 16-cı sessiyasının işində iştirak etmişdir

13-18 dekabr 2021-ci il tarixlərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası keçirilmişdir.

Azərbaycan iclasda Komitənin üzvü kimi iştirak etmiş və ölkəmizi UNESCO yanında Daimi Nümayəndə Elman Abdullayev və nümayəndəliyimizin əməkdaşları təmsil etmişlər.

UNESCO üzrə Şri Lanka Milli Komissiyasının Baş Katibi Punçi Nilame Meqasvatenin sədrliyi ilə onlayn keçirilən Komitənin 16-cı sessiyasına dünyanın müxtəlif ölkələrindən 900-ə qədər iştirakçı qeydiyyatdan keçmişdir.

Sessiya çərçivəsində aidiyyəti siyahılara daxil edilməsi üçün üzv dövlətlər tərəfindən namizədliyi təqdim edilmiş elementlərə baxılmış, 48 elementin Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına, 6 elementin isə təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün namizədlikləri təqdim edilmişdir.

Eyni zamanda Cibuti, Monqoliya və Timor-Leste tərəfindən irəli sürülmüş yaxşı mühafizə təcrübələrinin reyestrinə daxil edilmək üçün 5 təklif və 100 min ABŞ dollarından çox miqdarda 3 beynəlxalq yardım sorğusu iclasın gündəliyində yer almışdır.

Həmçinin iclasda Latın Amerikası və Karib hövzəsi ölkələrində Konvensiyanın həyata keçirilməsinə dair dövri hesabatları, Qeyri-Maddi Mədəni İrs – QHT Forumunun hesabatı dinlənilmiş və 2003-cü il Konvensiyasının siyahıya salma mexanizmlərində islahatlar kimi məsələlərə baxılmışdır.

Sessiyada çıxış edərək, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev bildirmişdir ki, COVID-19 pandemiyasına baxmayaraq ölkəmiz 2003-cü il Konvensiyasının Katibliyi və Mədəniyyət sektorunun öz işini davam etdirmək istiqamətində səylərini alqışlayır. Komitənin əsas mexanizmlərinin, əməliyyat fəaliyyətlərinin, eləcə də proqramlarının dəstəklənməsində Katibliyin həyata keçirdiyi tədbirlərdən məmnunluq ifadə edilmişdir.

O, diqqətə çatdırmışdır ki, Azərbaycan mədəniyyətin mühafizəsi və mədəni plüralizmin təşviqi üzrə UNESCO-nun fəaliyyətini gücləndirmək strategiyasının həyata keçirilməsinə uyğun olaraq, fövqəladə hallarda, eləcə də silahlı münaqişələr və təbii fəlakətlər zamanı qeyri-maddi mədəni irsin mühafizəsi üzrə işin inkişafı sahəsində Katibliyin əldə etdiyi tərəqqini alqışlayır.

Sessiyanın nəticəsində 43 element UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir.

Arxiv üzrə axtarış