2022-02-16

Cənub-Cənub və UNESCO ilə birgə üçtərəfli əməkdaşlığı gücləndirməliyik

Bu fikirləri Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Latın Amerikası və Karib ölkələri Qrupunun iclasında səsləndirmişdir.

16 fevral 2022-ci il tarixində Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı Qrupu Latın Amerikası və Karib ölkələri Qrupunun iclasında iştirak etmişdir.

Paraqvayın Daimi Nümayəndəliyinin sədrliyi ilə keçən iclasda çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi E. Abdullayev QH platformasının vacibliyindən, Azərbaycanın sədrliyi dövründə görülən işlərdən və QH üzv-ölkələrinin səslərinin UNESCO platformasında daha geniş eşidilməsi üçün səylərin səfərbər olmasının mühümlüyündən söz açmışdır.

“Qlobal pandemiya dünyanın zəif nöqtələrini aşkara çıxartdı. Qlobal Cənub bundan daha çox əziyyət çəkdi. Biz şahidi olduq ki, üzv-ölkələrimiz elementar ehtiyacları doldurmaq üçün necə əziyyət çəkdilər. Azərbaycan Hərəkatın sədri qismində bir sıra dəstəkverici təşəbbüslər irəli sürərək onları reallaşdırdı. Hamımız onların faydalı olduğunu gördük. Biz Cənub-Cənub və UNESCO ilə birgə üçtərəfli əməkdaşlığı gücləndirən yenilənmiş multilateralizmin üzərində işləməliyik. QH konstruktiv məsləhətləşmələr və effektiv əməkdaşlıq üçün geniş platformanı təmin edir”, – deyə E.Abdullayev bildirmişdir.

Çıxış QH ölkələrinin geniş marağına səbəb olmuş və Azərbaycanın daimi nümayəndəsi ona ünvanlanan bir sıra sualları cavablandırmışdır.

Arxiv üzrə axtarış