Azərbaycanın gənclər və idman naziri UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib
Mayın 24-də UNESCO-nun Parisdəki baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) fövqəladə iclası keçirilib.
İclasın keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venesuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər. Daha sonra Komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov yekdilliklə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.
İclasda Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək Komitə üzvlərinə dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib. Nazir Azərbaycanın sədrliyi müddətində Komitənin işinin daha səmərəli həyata keçirilməsi istiqamətində bütün üzvlərlə sıx əməkdaşlıq edəcəyini deyib.
Azərbaycan təmsilçilərini təbrik edən Komitənin üzvləri ölkəmizin bədən tərbiyəsi və idman nazirlərinin (MINEPS) VII konfransına ev sahibliyi etməsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, CIGEPS dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələr arasında səmərəli şəkildə həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.