UNESCO-nun mənzil-qərargahında “Afrika Həftəsi” keçirilib
23-25 may 2022-ci il tarixlərində UNESCO-nun Baş qərargahında “Afrika Həftəsi” adlı tədbir keçirilib.
Tədbir UNESCO yanındakı Afrika qrupu, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
“Afrika Həftəsi” çərçivəsində bu qitənin ölkələrinin mədəniyyəti, incəsənəti diqqət mərkəzində olub.
“Həftə”də keçirilən tədbirlərdə UNESCO-nun Baş direktoru Odre Azule, Kot d’İvuarın Baş naziri Patrik Aşi, UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovak-Siamaşvili, Afrika ölkələrinin səfirləri çıxış ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev “Afrika Həftəsi” çərçivəsində təşkil olunan “Dünyanın təamları” yarmarkasının açılış mərasimində çıxış edərək, ölkəmizin milli səviyyədə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində Afrikaya verdiyi töhfələrdən danışıb, Afrikanın dostu olaraq hər zaman onun yanında olacağımızı qeyd edib.
Yarmarkada milli mətbəximiz və musiqimiz təqdim olunub. Həmyerlimiz Səma Moğadam “101” adlı milli rəqsimizi təqdim edib.
“Afrika Həftəsi” çərçivəsində ölkəmizi təşviq edən videoçarx nümayiş olunub.
25 may keçirilmiş qala gecədə gənc pianoçu Etibar Əsədli triosu ilə “Qara qaşın vəsməsi” kompozisiyasını ifa edib. Azərbaycandan başqa qalada 17 ölkə iştirak edib.
Xatırladaq ki, Azərbaycan “Afrika Həftəsi”nin sponsorlarındandır. Ölkəmiz Afrika ölkələrinə kadr hazırlığı məsələlərinə töhfələr verir. Afrika ölkələrinin diplomatlarına ADA Universitetində təhsil almaq imkanı yaradılır.
Həmçinin ölkəmiz 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Etimad Fondu vasitəsilə Afrikanın Keniya, Uqanda, Tanzaniya, Liberiya kimi bir çox ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib. Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatanlığı layihələrində də iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətləri və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə verib. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak edib.