2022-05-11

UNESCO-da fəaliyyət göstərən Daimi Nümayəndələr Dərnəyinin Yaz Bayramı təşkil edilib

UNESCO-nun Baş qərargahında təşkil edilmiş tədbirdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, UNESCO Daimi Nümayəndələr Dərnəyinin prezidenti səfir Elman Abdullayev və Əfqanıstanın UNESCO yanında keçmiş daimi nümayəndəsi Zahir Aziz çıxış etmişlər.

Elman Abdullayev quruma yeni qoşulmuş nümayəndələrə dərnəyin yaranma tarixi, fəaliyyəti və məqsədləri haqqında məlumat vermiş, dərnəyin qurumdakı daimi nümayəndəliklərin sosial həyatında mühüm rol oynadığını və onların ümumi şəbəkəsi olduğunu söyləmişdir.

Dərnəyin üzvlərini bir araya gətirərək onlar arasında kommunikasiyanı daha da təkmilləşdirməyindən, bütün bunların çoxtərəfli əlaqələrin inkişafına töhfə verdiyindən danışan daimi nümayəndə, müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin üzvlərinə tədbirin təşkilinə verdikləri töhfəyə görə təşəkkürünü bildirmişdir.

O, bütün nümayəndəlikləri Dərnəyə qoşulmaqla dəstək olmağa çağırmışdır.

Tədbir çərçivəsində ənənəyə uyğun olaraq nümayəndələr dərnəyinin UNESCO yanında fəaliyyətlərini bitirən fəal üzvlərinə diplomlar təqdim edilmiş, onlara növbəti fəaliyyətlərində uğurlar arzulanmışdır.

Rəsmi hissədən sonra tədbir ziyafət və musiqi proqramı ilə davam etmişdir.

Məlumat üçün bildirək ki, müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin Daimi Nümayəndələr Dərnəyi 1992-ci ildə yaradılmışdır və həmin ildən Azərbaycan dərnəyin üzvüdür. Dərnək qeyri-formal əlaqələri inkişaf etdirmək və UNESCO ailəsi nəzdində dostluq əlaqələrini daha da möhkəmləndirmək istiqamətində qurumun yeganə forumudur. Daimi nümayəndəliklərin sosial həyatında fəal rol oynayan dərnək üzvləri aralarında mütəmadi olaraq fikir mübadilələri aparılır. Hal-hazırda Daimi Nümayəndələr Dərnəyinin prezidenti Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayevdir.

 

Arxiv üzrə axtarış